AAYDA: Kəlbəcər-Laçın yolu Zəngəzur dəhlizinə asan çıxışı təmin edəcək


Hazırda tikilən Kəlbəcər-Laçın avtomobil yolu böyük strateji əhəmiyyətə malikdir.

LİVE.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov bildirib.
 
Onun sözlərinə görə, bu yol Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından Azərbaycanın Qərb bölgəsinə, gələcəkdə isə Zəngəzur dəhlizinə asan çıxışı təmin edəcək.

Əyyub Hüseynov onu da əlavə edib ki, tikilən yol layihə üzərindən olan bütün yaşayış məntəqələrindən keçməkdən əlavə, Laçın Beynəlxalq Hava Limanına girişi tam təmin edəcək.

Qeyd edək ki, 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir. Yol boyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7 tunelləri) tikintisi işləri uğurla davam etdirilir. Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri