ABŞ-ın enerji şirkətləri resessiyadan ehtiyat edirlər


ABŞ-ın enerji şirkətlərinin top-menecerləri resessiyanın neft və qaza tələbatın azalmasına səbəb ola biləcəyindən ehtiyat edirlər. Bu, artıq təchizat zəncirinin pozulması və artan xərclərlə üzləşən sənaye üçün işləri çətinləşdirəcək.

Bu, Dallas Federal Ehtiyat Bankının (FEB) rüblük sorğusunun nəticələrində öz əksini tapıb.

Dallas FEB-in hesabladığı və enerji sektorundakı şirkətlər üçün proqnozu əks etdirən indeks 3-cü rübdə 33 bal azalaraq 33,1-ə, qeyri-müəyyənlik indeksi isə təxminən üç dəfə artaraq 35,7-ə yüksəlib. Sorğuda ölkənin Texas, Nyu-Meksiko və Luiziana ştatlarından 163 şirkət iştirak edib.

Enerji sənayesi ilə bağlı narahatlıqlar arasında sorğuda iştirak edən şirkətlər artan faiz dərəcələrini, təchizat zəncirlərindəki fasilələri və inflyasiyanın sürətlənməsini qeyd ediblər. Digər problem ABŞ Prezidenti Cozef Baydenin administrasiyasının sənayeyə təzyiqidir.

“Biz sektorun perspektivlərini müsbət qiymətləndiririk, lakin pul-kredit və vergi-büdcə siyasətinin sərtləşdirilməsinin davam etməsi səbəbindən o, daha da qeyri-müəyyənləşir”, - respondentlərdən biri deyib.

ABŞ-ın cənub-qərbində neft-qaz sektorunda işgüzar fəallıq indeksi yüksək səviyyədə qalır, ancaq, sorğunun nəticələrinə görə, 3-cü rübdə əvvəlki rübdəki rekord 57,7-dən 46-ya düşüb. Enerji şirkətlərinin top-menecerlərinin fikrincə, yeni işçilərin tapılması və avadanlıqların təchizatı ilə bağlı problemlər, həmçinin istehsal xərclərinin artması fəaliyyətin inkişafına mane olur.

“Biznesin genişlənməsinə imkan verməyən əsas amil avadanlıqların və neft-mədən xidmətlərinin mövcudluğu ilə bağlı problemlərdir”, - top-menecerlərdən biri bildirib.

Digərləri işçi çatışmazlığının davam etdiyini vurğulayıblar.

Respondentlərdən birinə görə, son iki-üç il ərzində neft sortamentinin borularının qiymətləri 500-600 % artıb.




Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri