Hindistanın Bakıdakı Səfirliyi 21 oktyabr 2022-ci il tarixində Ayurveda Gününü qeyd etmək üçün tədbir təşkil edib.
“Premier Palace Baku” mehmanxanasında keçirilmiş tədbirdə Azərbaycanın Hökumət rəsmiləri, səhiyyə işçiləri, əczaçılıq sənayesi, turizm və qonaqpərvərlik sektorunun nümayəndələri, jurnalistlər, Ayurveda və onun müalicə üsulları ilə maraqlanan 70-dən çox insan iştirak edib.
Hindistanın Bakıdakı müvəqqəti işlər vəkili cənab Vinay Kumar salamlama nitqində deyib ki, Ayurveda Hindistanın 5000 il yaşı olan tibb sistemidir və o, getdikcə bütün dünyada populyarlıq qazanır: “Ayurveda məhsulları təbii müalicə üsuludur və onların digər dərmanlardan fərqli olaraq heç bir yan təsiri yoxdur. Ayurvedada xəstəliklə mübarizə və müalicədən daha çox, xəstəliyin qarşısını alınması vurğulanır”.
O qeyd edib ki, Hindistan Hökuməti “Ayurveda@2047 – Azadi Ka Amrit Kaal” adı altında bir sıra ümummilli və qlobal tədbirlər təşkil edir. 7-ci Ayurveda Gününün mövzusu “Hər gün Ayurveda, hər yerdə Ayurveda”dır.
Müvəqqəti işlər vəkili qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı Hindistan Hökumətinin dəstəyi ilə ənənəvi dərmanların potensialını daha da araşdırmaq üçün Hindistanın Qucarat ştatının Camnaqar şəhərində ənənəvi tibb üzrə bilik mərkəzi kimi fəaliyyət göstərən Qlobal Ənənəvi Təbabət Mərkəzini yaradıb.
“BMT Baş Assambleyasının 2023-cü ili Beynəlxalq Darı İli kimi bəyan etməsi ilə bağlı qətnamə qəbul etdiyini də qeyd etməkdən məmnunluq duyuram. Beynəlxalq Darı İli qlobal istehsalı artırmaq, səmərəli emal və istehlakı təmin etmək, əkin dövriyyəsindən daha yaxşı istifadəni təşviq etmək, darını qida səbətinin əsas komponenti kimi tanıtmaq və qida sistemləri arasında daha da yaxşı əlaqəni təşviq etmək üçün unikal bir imkan təqdim edir”, - o deyib.
Daha sonra Bakıdakı Hind Hospitalının sahibi Dr. Ronald D’Mello Ayurvedanın faydaları haqqında danışıb. O, Ayurvedanın 5000 il yaşı olmasına olmasına baxmayaraq, yaxşı sənədləşdirildiyini və minilliklər ərzində növbəti nəsillərə uğurla ötürüldüyünü deyib. O, Ayurvedanın hərtərəfli və zamanla sınaqdan keçirilmiş təbabət olduğunu bildirib. Dr. D’Mello onu da qeyd edib ki, Ayurveda təkcə bədənin müalicəsi deyil, həm də ruhun müalicəsidir. Onun sözlərinə görə, Ayurveda ürək-damar xəstəlikləri, diabet və artrit kimi bir çox xəstəliklərin müalicəsində tətbiq oluna bilər.
Tanınmış yoqa müəllimi cənab Kənan Məmmədov da Ayurveda və onun insan rifahı üçün faydaları haqqında məlumat verib. O, Ayurveda və Yoqanın bir-biri ilə əlaqəli olduğunu söyləyib və Yoqa ilə məşğul olanlar üçün Ayurvedaya əməl etməyin vacibliyindən danışıb.
Tədbirdə Ayurveda və onunla əlaqəli mövzular haqqında məlumatlandırıcı videolar da nümayiş etdirilib.