Litvanın baş naziri: “Telefon danışıqları İnternetdə yayılan Azərbaycandakı və Macarıstandakı səfirlər onlara olan etimadı itiriblər”

Telefon danışıqlarının İnternetdə yayılması ilə bağlı qalmaqalda adı hallanan Litvanın Azərbaycandakı və Macarıstandakı səfirləri ölkə rəhbərliyinin onlara olan etimadını itiriblər. APA-nın “Delfi” saytına istinadən verdiyi məlumata görə, bunu Litvanın baş naziri Algirdas Butkyaviçyus deyib. Baş nazir bu məsələni bağlı Litva prezidenti Dalya Qribauskayte ilə müzakirə etdiyini bildirib: “Səfirlərlə bağlı yaxın vaxtlarda qərar qəbul ediləcək. Bu diplomatlar onlara olan etimadı itiriblər. Lakin son qərar XİN-in müvafiq araşdırmalarından sonra qəbul ediləcək”.

Qeyd edək ki, iyulun 8-də “Youtube”da Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas, Macarıstandakı səfir Renatas Yuşka, Litva XİN-in Şərq tərəfdaşlığı siyasəti departamentinin direktor müavini Zenonas Kumetaytis və XİN-in əməkdaşı Gediminas Kasputisin telefon danışıqları yerləşdirilib. Söhbətlərin birində A. Jurauskas litvalı sahibkar Kyastutuslə danışır. Saytda söhbətlər ingiliscə titrlə verilib. İki lent yazısında Azərbaycan və Ermənistan arasındakı münasibətlər müzakirə olunur və litvalı diplomatlar Dağlıq Qarabağ münaqişəsinə dair ermənipərəst mövqe ifadə edir. R. Yuşka bildirir ki, Dağlıq Qarabağın “Arsax” adlandırılmasına tərəfdardır və bu məsələdə ermənilərin tərəfindədir.

Olayın ictimailəşməsindən sonra A. Jurauskas istefa ərizəsi yazıb. R. Yuşka belə bir ərizə ilə müraciət etməyib.

Litva Konstitusiyasına əsasən səfirləri bu posta prezident təyin və ya azad edə bilər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri