Baş nazir Narendra Modi Hindistanın G20 sədrliyinin loqotipini, mövzusunu və veb-saytını təqdim edib



Hindistanın Baş Naziri cənab Narendra Modi 08 Noyabr 2022-ci il tarixində Hindistanın G20 sədrliyinin loqotipini, mövzusunu və veb-saytını təqdim edib.

Toplantıda çıxış edən Baş nazir Hindistanın 2022-ci il dekabrın 1-dən G20 Sammitinə sədrlik edəcəyini qeyd edib və bunun ölkə üçün tarixi bir fürsət olduğunu bildirib. Baş nazir deyib ki, G20 qlobal ÜDM-in təxminən 85%-ni, dünya ticarətinin 75%-dən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edən ölkələrin beynəlxalq iqtisadi əməkdaşlığı üçün əsas forumdur.

G20 loqotipinin yaradılmasında vətəndaşların töhfələrini vurğulayan Baş nazir, hökumətin loqotiplə bağlı minlərlə kreativ ideya aldığını söyləyib. Baş nazir dəstəyə görə hər kəsə təşəkkür edib və bildirib ki, bu təkliflər qlobal tədbirin simasına çevrilib. G20 loqotipinin sadəcə hər hansı bir loqotip olmadığını deyən Baş nazir, bunun Hindistanın damarlarında axan bir mesaj, bir hiss olduğunu qeyd edib. O, əlavə edib ki, ümumbəşəri qardaşlıq düşüncəsi G20 loqotipinin vasitəsilə öz əksini tapır.

Baş nazir, həmçinin bildirib ki, Hindistanın bir çox nailiyyətlərindən dünyanın digər ölkələri də istifadə edə bilər. İnkişaf, inklüzivlik, korrupsiyanın aradan qaldırılması, biznesin və yaşayışın asanlaşdırılmasında rəqəmsal texnologiyalardan istifadə bir çox ölkələr üçün nümunə ola bilər. O, həmçinin vurğulayıb ki, Hindistanda qadınların imkanlarının artırılması və qadınların başçılığı ilə inkişaf və maliyyə inklüzivliyi Hindistanın “Böyük iyirmilik”də sədrliyi vasitəsilə dünyaya çatacaq.

Baş nazir Hindistanın bir tərəfdən inkişaf etmiş ölkələrlə sıx əlaqələr saxladığını, eyni zamanda inkişaf etməkdə olan ölkələrin fikirlərini çox yaxşı anladığını və ifadə etdiyini bildirib: “Məhz bu əsasda biz G20 sədrliyimizin planını onilliklər boyu Hindistanı inkişaf yolunda müşaiyət etmiş “Qlobal Cənub”un bütün dostları ilə birlikdə quracağıq”.

Baş nazir Hindistanın səylərini vurğulayaraq bildirib ki, dünyada birinci dünya və ya üçüncü dünya yox, yalnız bir dünya olmalıdır.

Hindistanın G20 Sədrliyinin mövzusu “Bir Yer, Bir Ailə, Bir Gələcək” adlanır. Loqotip və mövzu birlikdə Hindistanın G20 Sədrliyinin hazırkı təlatümlü dövrlərdə dünyada hamı üçün ədalətli və bərabər, davamlı, vahid, məsuliyyətli və inklüziv inkişaf mesajını çatdırır. Bunlar Hindistanın “Böyük iyirmilik”də sədrliyinə bənzərsiz yanaşmasını təmsil edir.

G20 Sədrliyi Hindistana beynəlxalq əhəmiyyətli aktual məsələlər üzrə qlobal gündəliyə töhfə vermək üçün unikal imkan təqdim edir. Böyük iyirmilik”yə sədrlik dövründə Hindistan ölkənin müxtəlif yerlərində 32 fərqli sektorda 200-ə yaxın görüş keçirəcək. Gələn il keçiriləcək G20 Sammiti Hindistanın ev sahibliyi edəcəyi ən yüksək səviyyəli beynəlxalq toplantılardan biri olacaq.

Hindistanın G20-də sədrliyi ilə bağlı yaradılan veb-sayta https://www.g20.in/en/ ünvanından daxil olmaq olar. Veb-sayt 1 dekabr 2022-ci il tarixində, Hindistanın “Böyük iyirmilik”də Sədrliyini təhvil alacağı gün www.g20.org veb-saytına köçəcək. Bundan əlavə, həm Android, həm də iOS platformaları üçün “G20 India” mobil tətbiqi yaradılıb.
Şərhlər