Prezident İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü olub

  

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin rəsmi foto çəkdirdilər.

Görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Hörmətli Mixail Vladimiroviç, hörmətli qonaqlar. Sizi Azərbaycanda salamlamağa çox şadam. Biz sizinlə bu ilin əvvəlində görüşdük və sizin səfəriniz barədə razılığa gəldik. Çox şadam ki, Azərbaycana səfər etməyə vaxt tapmısınız. Bilirəm ki, dünən bizim Baş nazirlə görüşünüz olub. Bildiyimə görə, qarşılıqlı fəaliyyətimizə dair mühüm məsələlərin çox geniş spektrini müzakirə etmisiniz.

Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük. Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq.

Biz yükdaşımaların həcmində də yaxşı dinamika görürük. Tranzit yüklərə gəldikdə isə, mənim fikrimcə, burada rekord göstəricilərə nail oluruq. Təqribən 50-60 faiz artım var və artım perspektivi böyükdür. Həmçinin tranzit-logistika infrastrukturu məsələsində, ilk növbədə, ikitərəfli əsasda və əlbəttə, qonşu ölkələr də cəlb edilməklə qarşılıqlı əməkdaşlıq potensialını artıracağıq. Ona görə ki, Rusiya və Azərbaycan uzun illər boyu ölkələrimizdə nəqliyyat-logistika infrastrukturuna fəal surətdə sərmayə qoyublar. Nəqliyyat dəhlizlərinin, ilk növbədə, Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq, o cümlədən biznes üçün əlavə perspektivlər açacaq.

Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır. Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq. Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik. Bir daha xoş gəlmisiniz.

Rusiya Hökumətinin sədri Mixail Mişustin deyib:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Azərbaycana səfərə dəvətinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və Hökumətin sədri qismində buraya böyük hörmətlə səfər edirəm. Bizim nümayəndə heyətini çox səmimi qəbul etdiyinizə görə də Sizə, Əli Hidayət oğlunun bütün komandasına təşəkkürümü bildirmək istəyirəm. Biz böyük nümayəndə heyəti ilə gəlmişik. Azərbaycan ilə qarşılıqlı fəaliyyətdə olan əsas regionlarımızın dörd rəhbəri gəlib. Fürsətdən istifadə edib Sizi dövlət bayramınız – Azərbaycanda dünən qeyd edilən Milli Dirçəliş Günü münasibətilə təbrik etmək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən xoş, ən səmimi arzularını çatdırmaq istəyirəm. Siz dediniz ki, dünən axşam onunla danışmısınız.

Biz hökumət xətti ilə məhz Sizin – prezidentlərimizin qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün çox fəal iş aparırıq. Dünən Əli Hidayət oğlu Əsədov ilə biz 11-ci regionlararası forumda iştirak etdik. Forumda qarşılıqlı münasibətlərin gündəliyindəki məsələlərin hamısına toxunuldu. İlk növbədə, energetika, sənaye, nəqliyyat, mədəni-humanitar sahələrə diqqət yetirildi. Danışıqların yekunlarına əsasən, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalandı. Nəqliyyat sahəsi çox mühüm, xüsusi sahədir. Əminik ki, birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq. Burada Qərb marşrutunu – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini ayrıca qeyd etmək istərdim. Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik.

Mədəni-humanitar əlaqələrə ənənəvi olaraq xüsusi əhəmiyyət veririk. Siz dediyiniz kimi, diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu mühüm hadisəyə həsr edilmiş təntənəli silsilə tədbirlər keçirilib. Gələn il isə biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, Sizin atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik.

Biz dünən də qeyd etdik ki, Bakıda bizim institutların – Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiyada da Azərbaycandan olan on bir mindən çox tələbə təhsil alır. İnsanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək.

Dövlətimizin başçısı Rusiya Prezidentinin xoş arzularına görə minnətdarlığını bildirib, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri