Noyabrın 24-də Berlində yerləşən “QGallery Berlin” qalereyasında Azərbaycan əsilli yəhudi rəssam Rami Meirin sərgisi keçirilib.
Germany.az live.az istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyindən mediaya verilən xəbərə görə, sərgidə Almaniyanın yəhudi icmasının aparıcı təşkilatlarının rəhbərləri, dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, incəsənət xadimləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfirliyi, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə keçirilən sərgini giriş sözü ilə Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdani açıb. O, Rami Meir və onun sənəti barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, dağ yəhudilərindən olan Rami Meir Azərbaycanda doğulub, Sovet İttifaqının dağılmasından sonra İsrailə köçüb və rəssam kimi fəaliyyətini orada davam etdirib. Bildirilib ki, Rami Meirin sənət fəaliyyətində Azərbaycandakı dağ yəhudilərinin yaşamı həmişə özünəməxsus yer tutub. Müxtəlif xarici ölkələrdə sərgiləri keçirilən rəssam Azərbaycan və azərbaycanlılarla əlaqələrini həmişə qoruyub saxlayıb.
Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan əsilli yəhudi rəssamın sərgisinin Berlində keçirilməsini əlamətdar hadisə hesab etdiyini bildirib. Sərginin keçirilməsinə verdiyi dəstəyə görə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Emin Məmmədova təşəkkür edən səfir sözügedən tədbirin Azərbaycandakı dinlərarası harmoniya və multikulturalizm ənənələrinin Almaniyada təqdim və təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıdığını dilə gətirib.
N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Səfir əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Diplomat, bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib. N.Ağayev ötən həftə Azərbaycan Milli Məclisinin Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar qəbul etdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu vacib addım ikitərəfli münasibətlərin daha yüksək mərhələyə keçməsinə öz mühüm töhfəsini verəcəkdir.
Sərginin açılışında həmçinin Almaniyanın ən aparıcı yəhudi təşkilatı - Almaniya Yəhudilərinin Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman çıxış edib. O, çıxışında Azərbycanda yüksək tolerantlıq mühitinin olduğunu, müxtəlif dinlərə mənsub şəxslərin, o cümlədən yəhudilərin ölkəmizdə dinc və digər din mənsubları ilə yanaşı yaşadığını qeyd edib. Alman tarixçisi Eva-Maria Aux öz çıxışında Azərbaycandakı dağ yəhudilərinin tarixi haqda məlumat verib.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar.