“Qəbələ”nin meneceri: “Bu, təcrübəsizlik yox, qərəzdir”

“Qəbələ”nin meneceri: “Bu, təcrübəsizlik yox, qərəzdir” “Sumqayıt”a qarşı dünən keçirdiyimiz görüşdə hakim idarəçiliyi çox bərbad vəziyyətdə idi. İndiyədək ədalət təmsilçilərinin səhvlərini çox görmüşük və bunu təcrübəsizliklə əlaqələndirmişik. Ancaq bu dəfə baş hakim Orxan Məmmədov bizə qarşı qərəzli mövqe tutmuşdu”. Bu fikirləri APA-ya açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.

Qəbələnin eyni adlı komandası Topaz Premyer Liqasının cari mövsümünə ardıcıl 2 qələbə ilə başlasa da, III turda gözlənilmədən səfərdə “Sumqayıt”a məğlub oldu - 1:2.

Əzizov bildirib ki, matçın protokoluna narazı qaldıqları epizodlarla bağlı qeydlərini yazıblar: “Dünənki oyunda hakimlər uduzmağımız üçün əllərindən gələni etdilər. Həm Orxan Məmmədov, həm də yan xətt hakimi Elşən Acalov ilk dəqiqələrdən qərəzli idilər. Rəqib futbolçularımızı aşkar kobudluqla yıxır, ancaq hakim susur. “Sumqayıt”ın futbolçuları 90 dəqiqə ərzində sərt oynadıqları halda, bizim futbolçulara 4 sarı vərəqə göstərildi”.

Hakim 61-ci dəqiqədə Vladimir Levinə qırmızı vərəqə göstərərək, onu meydandan çıxarıb. Əzizov həm bu, həm də rəqibin qapısına 2 yüz faizli penaltinin təyin olunmadığı epizodlardan narazı qaldıqlarını bildirib: “Niassenin zərbəsindən sonra topun cərimə meydanı daxilində rəqibin futbolçusunun əlinə dəyməyini nəinki stadiondan, Sumqayıtın hər tərəfindən görmək mümkün idi. Baş hakim bunu görsə də, fiti susdu. Levin bir kapitan kimi ilk sarı vərəqə aldığı epizodda hakimə yaxınlaşmayaraq, 2-3 metrdən ondan verilməyən penalti ilə bağlı soruşur. Ancaq əvəzində sarı vərəqə alır. Mendini isə iki əllə yerə yıxdıqları halda penalti verilmir”.

Klub rəsmisi belə bərbad hakimliklə bağlı Qəbələ azarkeşlərinin də narazı qaldıqlarını deyib: “Onları başa düşürük və belə hakimliyin qarşılığında narazılıqlarına haqq qazandırırıq. Özü də Orxan Məmmədov əslən Qəbələdəndir, qardaşı da klubumuzda işləyir. Ancaq bizim üçün bunlar, hakimin haralı olmağı fərq eləmir. Çünki hakim köməyinə ehtiyacı olmayan “Qəbələ” təmiz idarəçilik istəyir. Komandamız indiyədək yalnız Ramil Diniyevlə Anar Salmanovun məlum idarəçiliyindən narazı qalmışdı. Bu siyahıya Orxan Məmmədov da əlavə oldu. O, həmin gün “Qəbələ”nin qələbə qazanmamağı üçün hər şeyi etdi və buna da nail oldu. Bu isə təcrübəsizlik yox, qərəzdir”.
Şərhlər
İdman bölməsinin xəbərləri