Avropa İttifaqının nümayəndəliyi ilin yekunlarına həsr olunan tədbir keçirib
- 15.12.2022, 22:11,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Brifingdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko iştirak edib.
Giriş nitqində qonaqları və media nümayəndələrini salamlayan səfir Avropa İttifaqının 2022-ci il ərzində Azərbaycanda gördüyü işlər və əldə etdiyi nailiyyətlərdən danışıb.
"Təhsil, iqtisadiyyat sahəsində böyük uğur əldə etmişik. Bu uğurlar bilavasitə nəinki Azərbaycandakı nümayəndəliyin, həmçinin Aİ-yə üzv olan digər dövlətlərin verdiyi töhfənin göstəricisidir. Bu işlərimizin işıqlandırmasında yaxından iştirak edən media nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Konkret sahələr barədə çıxış etmək istəyirəm. Bu planlar üzrə 2 milyard vəsaitin sərf edilməsi nəzərdə tutulur. İqtisadi investisiya qoyuluşunun əhatə dairəsi yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsinin artırılması, yaşıl və rəqəmsal iqtisadiyyata keçidin əldə edilməsi, bu yolda rifahı təmin etmək və artırmaqdır. Azərbaycan hökuməti ilə bununla bağlı sıx təmasda çalışırıq. Bu işin nəticəsi olaraq ötən həftə Azərbaycan hökuməti ilə yüksək səviyyədə işçi qrupu yaratmışıq. Onlar sözügedən işlər üzərində çalışacaqlar. Həmin plan üzrə bir neçə layihənin icrasına başlanılıb. Avropa Yenidənqurma və İnkişaf Bankı bilavasitə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə küçələrin işıqlandırılması ilə bağlı layihədə iştirak edir. Həmçinin kəndlərlə bağli layihə də mövcuddur. Bu layihə üzrə Azərbaycanın əsas tərəfdaşı kimi "Aztelekom" çıxış edir. Dekabr ayının əvvəlində yeni layihəyə start verilib. Bakı limanı ilə bağlı layihənin məqsədi sözügedən ərazini əsas qovşağa çevirmək, dəstək olmaq, oraya ilk yaşıl liman adını qazandırmaqdır. Bu liman regional miqyasda böyük əhəmiyyət daşıyır. Bu il Aİ ilə Azərbaycan arasında iqtisadiyyat sahəsində işlərin artırılmasını gözləyirik. Azərbaycan Avropa üçün bu sahədə mühüm tərəfdaşdır. Əsasən, bu əməkdaşlıqda enerji sahəsi hakim mövqeyə malikdir. Bununla belə Aİ qeyri-neft sahəsinin də inkişafında yaxından iştirak edir. Bununla bağlı ilk nailiyyət bu ilin iyul ayında Ursula Von der Leyenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə memorandumun imzalanması oldu. Bu memorandum istixana effekti yaradan qazların həcminin azaldılması, ətraf mühitin qorunması baxımından vacibliyi dəstəkləyir. Burada alternativ enerji mənbələrindən istifadə də nəzərdə tutulur. 400-dən çox Avropa şirkəti Azərbaycanda çalışır. Həmçinin buradakı 13 mindən çox kiçik sahibkarlığa dəstək oluruq. İnvestisiya qoyuluşlarının həcminin artırılması əsas götürülür. Paytaxtdan kənarda, kənd ərazisində də tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. 13 mindən çox sahibkarlıq subyektlərinə dəstəyimiz nəticəsində onlar 60 milyondan çox gəlir əldə ediblər. "Yurdumun ləzzəti" adlı layihəmiz gündəmdədir. Bu layihə çərçivəsində kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarında və beynəlxalq arenada tanınması üçün öz dəstəyimizi göstəririk. Digər bir layihədə kənd təsərrüfatında yer alan kiçik sahibkarları dəstəklənməsini nəzərdə tuturuq.
Birlikdə əməkdaşlıq edərək ən yüksək standartlara nail ola bilirik. Təhsil sahəsində rekord nəticə əldə etmişik. 25 universitetin iştirak etdiyi 3 layihədə Aİ-nin "Erasmus" proqramı üzrə dəstək nəzərdə tutulur. 5 universitetinin təqdim etdiyi layihə Avropa proqramı tərəfindən dəstəklənib. Təhsil modullarının yaradılması üçün onlar nailiyyətlər əldə edib. Avropa ittifaqı ölkələrinə daxil olan tələbələr Azərbaycana təhsil almağa gəlirlər. Pandemiyadan sonra bu sahədə canlanma müşahidə edirik. Koronavirusdan sonra Avropa təhsil yarmarkası keçirilib. Avropada oxumaq üçün tələbələr böyük səy göstərirlər. Burada hökumətin və Avropa ittifaqının nəzərdə tutduğu proqramlar mövcuddur. "Horizon" proqramı çərçivəsində tələbələr aparıcı təhsil ocaqları ilə əməkdaşlıq edə, tədqiqat işlərini həyata keçirə bilərlər. Gender bərabərliyi sahəsinə də xüsusi diqqət yetirilir. Bu layihədə zorakılığa qarşı tədbirlər həyata keçirilir. Avropa İttifaqı olaraq qadınların, qadın sahibkarların Azərbaycanda güclənməsi baxımından işlər görürük. Bu sahəyə də öz növbəmizdə töhfə vermək üçün lazımi addımlar atırıq. Avropa İttifaqı ilə Azərbaycan arasında son statistik məlumatlar yeni rekordlardan xəbər verir. Beləliklə, Azərbaycandan ixrac edilən məhsulların 50 faizi Avropa bazarlarına yönəldilir. Əməkdaşlıq dialoqu bütün səviyyələrdə həyata keçirilir. Əsas tərəfdaşımız Azərbaycan hökumətidir. Bu ilin 19 iyun tarixində Əməkdaşlıq şurasının iclası Brüsseldə keçirildi. Burada Azərbaycanin xarici işlər naziri Ceyhun Bayramov və Aİ-nin ali nümayəndəsi Cosef Borell həmsədrlik edirdilər. Əməkdaşlıqla yanaşı, burada edilən islahatlardan da danışırıq. Azərbaycan hökuməti ilə əldə edilən yeni razılaşmaya əsasən tərəfdaşlığın yeni müstəvisində əlverişli şərait yaradılacaq. Tərəfdaşlardan danışırıqsa, vətəndaş cəmiyyəti təşkilatlarını da nəzərdə tuturuq. Vətəndaş cəmiyyəti dövlət qurumlarının əsas tərəfdaşlarından biridir. Bu qarşılıqlı təmas vasitəsilə əldə olunan bir prosesdir. Onların fəaliyyəti üçün məkan geniş olmalıdır. Vətəndaş cəmiyyəti təşkilatları qrantlar vasitəsilə benefisiarlara yardım göstərməlidirlər. Bu mövzuda qanunvericilik də təkmilləşdirilməlidir. Qanunun aliliyi hər birimiz üçün vacibdir. Azərbaycanla olan ortaq fəaliyyət bu məsələlərdə öz əksini tapır. Bunları diqqətdə saxlayacağıq. Zərurət olduqda, gündəmə göstərəcəyik. Müsbət yöndə inkişaf bizim görmək istədiyimiz əsas məqamdır. Son zamanlar Azərbaycanda "Tərtər işi" üzrə müsbət dəyişikliklər görməkdəyik. Araşdırmanın sonu olaraq zərərçəkmiş şəxslərin bəraət qazanmasını istəyirik. Aİ sülh prosesində də yaxından iştirak edir. Avropa Şurasının prezidenti Şarl Mişelə bu işdə atdığı addımlara görə, keçirdiyi çoxsaylı görüşlərə görə təşəkkürümü bildirirəm. Onun təşəbbüsü ilə AR prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla sülhün əldə olunması məqsədilə çoxsaylı görüşlər baş tutub. Nəticələrin əldə olunması üçün öz işimizə davam edəcəyik. Aİ ölkələri Qarabağın azad olunmuş ərazilərində minaların təmizlənməsi baxımından ən böyük tərəfdaşıdır. Kəlbəcərdə 8 nəfərin minaya düşməsi xəbərini bu səhər aldım. Avropa İttifaqına üzv olan 27 ölkə bu dəstək mexanizmində iştirak edir. Bakıda bu ilin ilk yarısında Avropa ittifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib. Avropa film festivalı, Avropa mədəni irs festivalı, Avropa-Azərbaycan biznes forumu kimi layihələr baş tutub. "Eurovillage" kimi tədbirlərdə 20 mindən çox insan iştirak edib. Təhsil sahəsində olan işləri diqqətdə saxlamağa davam edəcəyik. 2023-cü il Avropa İttifaqında "bacarıqlar ili" olacaq. Bu istiqamətdə təlimlər, layihələr əldə olunan bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulub".
Tədbirin yekununda səfir jurnalistlərin suallarına cavab verib