Dekabrın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri və televiziya nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.
Mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ“Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.
Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.
“Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəz direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.
Daha sonra media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.