Dövlət başçısı və birinci xanım “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər.

LIVE.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, hündürlüyü 130 metr olan otel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton, Baku” otelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi otel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.

Qeyd edildi ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, oteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır.

Bildirildi ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Otelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı başlıca prioritetlərdəndir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin əyani təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasət sayəsində Azərbaycanda müasir otel infrastrukturunun yaradılmasına hələ uzun illər bundan əvvəl başlanılıb. Pandemiyanın yayıldığı 2020-ci ilədək hər il çox sayda turist ölkəmizə səfər edib, müasir turizm imkanlarından yararlanıb. Artıq dünyada olduğu kimi, ölkəmizdə də postpandemiya dövrü yaşanır. Bu isə öz növbəsində turist axınının artması ilə müşayiət olunur. Bu cür müasir və dünyaca məşhur otel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması şübhəsiz ki, postpandemiya dövründə turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.



























 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri