Azərbaycan Respublikasının milli təhülkəsizlik naziri general-leytenant Eldar Mahmudov beynəlxalq yarışlarda və turnirlərdə qələbələr qazanmış MTN-in "Titan" İdman Klubunun üzvləri ilə görüşüb, onları nail olduqları yüksək mükafatlar münasibətilə təbrik edib.
MTN-nin İctimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, nazir Eldar Mahmudov idmançılarımızın əldə etdikləri uğurların, ümumilikdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə inamla və məqsədyönlü surətdə həyata keçirdiyi strategiyanın tərkib hissəsi olan idman və gənclər siyasətinin parlaq nümunəsi olduğunu qeyd edib. Milli təhlükəsizlik naziri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da idmançılarımıza diqqət və qayğı göstəriləcəyinə əminliyini bildirib, onlara bütün turnirlərdə və yarışlarda yeni-yeni qələbələr qazanmağı, ölkəmizin idman imicini uca tutmağı və Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 2013-cü ildə dünya və Avropa çempionatlarında, habelə güc strukturları arasında beynəlxalq oyunlarda yüksək yerlərə layiq görüldüklərinə, Azərbaycanın idman uğurlarına verdikləri töhfələrə, həmçinin şəxsi heyətin idman hazırlığındakı səylərinə görə bir qrup əməkdaş və məşqçinin təltif edilmələri barədə MTN-nin əmri elan olunub. Nazir Eldar Mahmudov MTN-in "Titan" İdman Klubunun üzvlərinə fəxri fərmanları təqdim edib.
Birincilik kürsüsünə layiq görülmüş idmancılar Azərbaycanın Dövlət hümninin səsləndirilməsi və Dövlət bayrağının qaldırılması anlarının hər bir Azərbaycansevərin qəlbində dərin izlər buraxmasından ürəkdolusu danışıblar.
MTN-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşı, "Titan" İdman Klubunun üzvü, Ciu-ciutsu üzrə beşqat respublika çempionu, eləcə də bir sıra beynəlxalq turnirlərin qalibi M.Hacımuradov deyib ki, idmançılarımızın müxtəlif beynəlxalq turnirlərdə əldə etdiyi uğurlar məhz idmanın inkişafına dövlətimiz, şəxsən Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının bariz nəticəsidir: "Ölkəmizdə idman-sağlamlıq infrastrukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, Olimpiya İdman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Bundan başqa, idmançıların daim qayğı ilə əhatə olunması, onların problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsini təmin edir".
Gənc idmançı olmasına baxmayaraq, artıq bir çox uğurlara imza atan "Titan" İdman Klubunun daha bir gənc üzvü S.Salmanov gələcək yarışlarda da qələbələr qazanacağına, milli təhlükəsizlik orqanlarının və Azərbaycanın adını yüksəkliklərə ucaldacağına əmin olduğunu vurğulayıb.
İdmanda əldə etdiyi uğurlarla ölkəmizin hüdudlarından da kənarda şöhrət qazanan, qarışıq döyüş növləri üzrə dünya çempionu A.Axundov isə Azərbaycanın idman şərəfinin qorunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib: "Cənab Prezident İlham Əliyev idmanın inkişafını daim diqqətdə saxlayır, idmançılara dəstəyini idman obyektlərinin açılışında və beynəlxalq yarışlarda iştirakı, xeyir-duası ilə ifadə edir. Bu amil həm idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğuru şərtləndirir, həm də idmanın təbliğini, gənclər və yeniyetmələrin marağını artıraraq, onun kütləviliyini təmin etməklə yanaşı, biz idmançıları yeni-yeni qələbələrə həvəsləndirir".
Tədbirdə Vətənə medallarla qayıtmış bütün idmançılar əldə etdikləri qələbələrdən iftixarla söz açaraq bildiriblər ki, bu gün hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan Azərbaycanın bütün idmançıları, o cümlədən milli təhlükəsizlik orqanlarının əməkdaşları - idmançıları bundan sonra da yüksək nəticələr əldə edəcək, dövlətimizin şöhrətini dünyanın hər tərəfinə yaymağa nail olacaqlar.
Qeyd edək ki, respublikamızın müxtəlif dövlət qurumlarında, güc strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində də əməkdaşların döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, fiziki sağlamlıqlarının qorunmasına və möhkəmləndirilməsinə, idmanla mütəmadi məşğul olmalarına xüsusi önəm verilir. Bu məqsədlə Milli Təhlükəsizlik Nazirliyində ən müasir imkanlara malik İdman və Sağlamlıq Mərkəzi yaradılıb. İdman və Sağlamlıq Mərkəzində mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar və turnirlər keçirilir. Mərkəzdə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, məşqçi və təlimatçı, həkim, soyunub-geyinmə otaqları və duşxanalar var. Ən qabaqcıl standartlara cavab verən texniki ləvazimat və avadanlıqlarla təmin edilən mərkəzdə MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin, eləcə də nazirliyin əməkdaşlarının idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılıb. Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc kadrların yetişdirilməsi məqsədi daşıyır.
Bu gün Azərbaycan idmançıları ilə yanaşı, MTN İdman və Sağlamlıq Mərkəzinin "Titan" İdman Klubunun üzvləri də respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Onların əldə etdikləri uğurlu nəticələr, Dövlət himnimizin səsləndirilməsinin sədaları altında Azərbaycan Bayrağının yüksəkliklərə ucaldılması hər birimizə qürur, fəxarət hissi bəxş edir. Son illər milli təhlükəsizlik orqanlarında aparılan təşkilati-struktur islahatlar, maddi-texniki və təlim-tədris bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, əməkdaşların peşəkarlığının, döyüş və fiziki hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Ölkə rəhbərinin gündəlik diqqət və qayğısı, milli təhlükəsizlik naziri Eldar Mahmudovun təşkilatçılığı, nəzarət və tələbkarlığı həm əməliyyat-xidməti fəaliyyətdə, həm də əməkdaşların idman göstəricilərində öz müsbət əksini tapır, uğurlarla müşayiət olunur. Müxtəlif, o cümlədən beynəlxalq idman yarışlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının qələbələri artıq ənənəyə çevrilir, ildən-ilə çoxalır.
Azərbaycanın idman nüfuzunun yüksəlməsinə xidmət edən milli təhlükəsizlik orqanları əməkdaşlarının qazandıqları qələbələrin bəzilərini xüsusilə qeyd etmək olar:
- İlk dəfə beynəlxalq yarışlarda qüvvələrini sınayan, bu ilin iyun ayında Türkiyənin İstanbul şəhərində keçirilən Kyukşin Kaykan karate üzrə 9-cu beynəlxalq turnirdə MTN-in "Titan" idman klubunun üzvləri - C.Əhmədov qızıl, M.Həsənzadə isə gümüş medal qazanıblar.
- 2013-cü il iyunun 9-dan 16-dək İspaniyanın Barselona şəhərində "W.A.S.C.O" - Ümumdünya döyüş növləri təşkilatının keçirdiyi Dünya çempionatında Kunq-fu üzrə yarışda A.Axundov iştirak edərək 2-ci yerə layiq görülüb.
- Elə həmin ayın 24-dən 29-dək Ukraynanın İliçevsk şəhərində Universal döyüş üzrə Avropa çempionatında M.Fərzəliyev, S.Salmanov və T.Məsimov iştirak ediblər. Həmin yarışda M.Fərzəliyev Avropa çempionu adını qazanıb, T.Məsimov 2-ci, S.Salmanov isə 3-cü yeri tutublar.
- Böyük Britaniya Krallığı Şimali İrlandiyanın Belfast şəhərində cari ilin avqust ayının 1-dən 11-dək güc strukturları arasında IV Dünya Oyunlarında T.Quliyev, M.Hacımuradov, A.Əmirli, P.Ağayev və S.Salmanov iştirak ediblər. M.Hacımuradov və S.Salmanov qızıl, A.Əmirli və P.Ağayev gümüş, T.Quliyev isə bürünc medallar qazanıblar.
- A.Menyayev və E.Həbibov isə avqustun 1-dən 13-dək İtaliyanın Torino şəhərində veteran idmançılar arasında I Dünya Oyunlarında iştirak etmişlər. E.Həbibov cüdo növündə gümüş, A.Menyayev şüvüllə tullanmada bürünc medal qazanıblar.
Qeyd olunmalıdır ki, Azərbaycanın idman nüfuzunun qorunmasına və möhkəmləndirilməsi işinə layiqli töhfələrin verilməsi məqsədilə "Titan" İdman Klubunun üzvlərinın nüfuzlu beynəlxalq yarışlarda iştiraklarının təmin edilməsi daim MTN-nin rəhbərliyinin diqqət mərkəzində olub və və bütün lazımi təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilib.
Məhz bunun bariz nəticəsidir ki, beynəlxalq yarışlarda iştiraka buraxılmış MTN-nin əməkdaşları "Titan" idman klubunun üzvlərinın hamısı həmin turnirlərdən Azərbaycana medallarla qayıdıblar. Təkcə 2011-ci ildən 2013-cü ilin hazırki dövrünədək olan müddət ərzində MTN "Titan" idman klubunun üzvləri 14 qızıl, 13 gümüş və 13 bürünc medal qazanıblar. Onlardan V.İskəndərov "Əməkdar məşqçi", M.Fərzəliyev "İdman ustası", T.Quliyev isə "İdman ustalığına namizəd" dərəcələrinə layiq görülüblər.