Hindistan “Qlobal Cənubun Səsi” zirvə toplantısına ev sahibliyi edəcək

Hindistan “Qlobal Cənubun Səsi” zirvə toplantısına ev sahibliyi edəcək

Hindistan 12-13 yanvar 2023-cü il tarixlərində “Qlobal Cənubun Səsi” adlı xüsusi virtual sammitə ev sahibliyi edəcək.

Bu zirvə toplantısı Qlobal Cənub ölkələrini öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək üçün bir araya gətirəcək. 120-dən çox ölkə sammitdə iştirak etməyə dəvət olunub.

Sammit çərçivəsində 10 sessiyanın keçirilməsi nəzərdə tutulub. Dörd sessiya yanvarın 12-də, altı sessiya isə yanvarın 13-də keçiriləcək. Hər sessiyada 10-20 ölkədən liderlərin və ya nazirlərin iştirakı gözlənilir.

Açılış və yekun iclaslar Baş nazir Narendra Modinin sədrliyi ilə dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun Səsi – İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiyanın mövzusu isə “Bir Səs – Bir Məqsəd” olacaq.

Bundan əlavə, nazirlərin aşağıdakı mövzularda səkkiz sessiyası keçiriləcək:

    • “İnsan Mərkəzli İnkişafın Maliyyələşdirilməsi” mövzusunda maliyyə nazirlərinin iclası;
    • Ətraf mühit nazirlərinin “Ətraf Mühitə Uyğun Həyat Tərzi (LiFE) ilə Artımın Balanslaşdırılması” mövzusunda sessiyası;
    • “Qlobal Cənubun Prioritetləri – Əlverişli Mühitin Təmin Edilməsi” mövzusunda xarici işlər nazirlərinin sessiyası;
    • Energetika nazirlərinin “Enerji Təhlükəsizliyi və İnkişaf – Rifahın Yol Xəritəsi” mövzusunda sessiyası;
    • Səhiyyə nazirlərinin “Dayanıqlı Səhiyyə Sistemlərinin Qurulması üçün Əməkdaşlıq” mövzusunda iclası;
    • “İnsan Resurslarının İnkişafı və Potensialın Artırılması” mövzusunda təhsil nazirlərinin sessiyası;
    • Ticarət nazirlərinin “Qlobal Cənubda Sinerjinin İnkişafı – Ticarət, Texnologiya, Turizm və Resurslar” mövzusunda sessiyası;
    • “G-20: Hindistanın Sədrliyi üçün Təkliflər” mövzusunda xarici işlər nazirlərinin sessiyası.

“Qlobal Cənub” anlayışı ölkələrin sosial-iqtisadi və siyasi xüsusiyyətlərinə görə qruplaşmasını təsvir etmək üçün istifadə olunur. “Qlobal Cənub” Latın Amerikası, Asiya, Afrika və Okeaniyadakı bölgələrə istinad etmək üçün tez-tez istifadə olunan bir termindir.
Şərhlər