Hindistanın Bakıdakı Səfirliyi 10 yanvar 2023-cü il tarixində Ümumdünya Hind Dili Gününü qeyd edib.
LIVE.az xəbər verir ki, tədbirdə hind dilinin həvəskarları, bu dili öyrənən tələbələr və onu tədris edən müəllimlər, Azərbaycan universitetlərinin nümayəndələri, Hindistan tarixi və mədəniyyətini sevənlər, Hindistan diasporunun üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr, eləcə də Azərbaycanın tanınmış mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Tədbirdə salamlama nitqi ilə çıxış edən Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar bildirib ki, “Vişva Hindi Divas” adı ilə tanınan Ümumdünya Hind Dili Günü 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında hind dilindən ilk dəfə istifadə olunması münasibətilə hər il yanvarın 10-da qeyd olunur. O xatırladıb ki, ilk Ümumdünya Hind Dili Konfransı 1975-ci il yanvarın 10-da açıq elan edilib. Mavriki, Böyük Britaniya, Trinidad və Tobaqo və Amerika Birləşmiş Ştatları kimi müxtəlif ölkələr 1975-ci ildən Ümumdünya Hind Dili Konfransına ev sahibliyi ediblər. 12-ci Ümumdünya Hind Dili Konfransı 2023-cü ilin fevralında Ficidə təşkil olunacaq.
Ümumdünya Hind Dili Günü (“Vişva Hindi Divas”) ilk dəfə 10 yanvar 2006-cı ildə qeyd olunub. Hindistan Xarici İşlər Nazirliyi o vaxtdan bəri hər il hind dili haqqında məlumatlılığı artırmaq və onu qlobal dil kimi təbliğ etmək üçün tədbirlər təşkil etməklə bu günü qeyd edir. Müvəqqəti işlər vəkili bildirib ki, “Vişva Hindi Divas” hind dilinin dünyanın ən qədim dillərindən biri olduğunu xatırlatmaqda mühüm rol oynayır.
Tədbir zamanı cənab Kumar Hindistanın Baş nazirinin “Vişva Hindi Divas” günü ilə bağlı məktubunu oxuyub. O əlavə edib ki, Hindistan dünyanın ən müxtəlif mədəniyyətlərindən birinə sahibdir və burada müxtəlif dinlərə, adət-ənənələrə və dillərə malik insanlar birlik içində yaşamağa meyllidirlər. Vinay Kumar qeyd edib ki, hind dili dünyada dördüncü ən çox danışılan dildir, belə ki, bu dildə 26 milyondan çox insan danışır.
Tədbirdə hindistanlı və azərbaycanlı iştirakçılar hind dili barədə çıxışlar ediblər, eləcə də hind dilində şeirlər söyləyiblər. Həmçinin hind musiqisinin müşayiəti ilə hind mahnıları və rəqsləri ifa olunub.
Daha sonra cənab Kumar rəqs və mahnı ifaları, eləcə də hind dilində çıxışlara və şeirlərin oxunmasına görə təşəkkürnamələri müvafiq iştirakçılara təqdim edib, eləcə də “Təmiz Hindistan Kampaniyası 2023” münasibətilə keçirilmiş hind dilində inşa və rəsm müsabiqələrinin qaliblərini sertifikatlarla mükafatlandırıb.
Tədbirin qonaqları həmçinin tədbirin keçirildiyi məkanın foyesində Səfirlik tərəfindən təşkil olunmuş müxtəlif darı məmulatlarının, o cümlədən darıdan hazırlanmış yeməyə hazır və bişirməyə hazır məhsulların nümayiş etdirildiyi kiçik sərgiyə baxmaq imkanı əldə ediblər. Onlara həmçinin Hindistan hökumətinin təklifi ilə BMT tərəfindən elan edilmiş Beynəlxalq Darı İli haqqında məlumat verilib və müxtəlif darıların faydaları haqqında məlumatların yer aldığı vərəqələr təqdim olunub.