Azərbaycanda tibb işçisinə ağır cəza verildi
- 21.08.2013, 00:42,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəran Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd edən tibb işçisi olan Masallı rayon sakini Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Kazımov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Masallı şəhəri Heydər Əliyev prospektində, Rayon Polis Şöbəsinin yaxınlığında baş verib. Rayonun Qodman kənd sakini, 24 yaşlı Elçin Kazımov, keçmiş arvadı, 30 yaşlı Mehriban Xudaverdiyevanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Zərərçəkmiş Mehriban Xudaverdiyeva, qeyri-rəsmi nikahda yaşadığı Elçin Kazımovdan ayrıldıqdan sonra onların izdivacından olan uşağı geri almaq istəsə də, buna nail ola bilməyib.
Ana rayon polis şöbəsinə gedəcəyini və bu yolla uşağı ondan alacağını bildirib. Arvadının getməsinə razı olmayan Elçin polis şöbəsinin yaxınlığında Mehribanın qarşısını kəsərək onu geri qaytarmağa çalışıb. Yoldaşının geri qayıtmadığını görən Elçin üzərində gəzdirdiyi bıçaqla arvadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Yaralı dərhal Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Üzərində 4 saatdan artıq aparılan əməliyyatdan sonra yaralını həyata qaytarmaq mümkün olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən Elçin Kazımov dərhal saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, saxlanılan şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə şöbəsinin feldşeridir.