Yanvarın 28-də Heydər Əliyev Sarayında Keyko Matsuinin solo konserti keçirilib.
Bakıda Keyko Matsui tez-tez qonaq olur, bu onun paytaxta onuncu gəlişi.
Bakılılar K.Matsuinin yaradıcılığını çox sevirlər və həmişə isti qarşılayırlar.
Keyko Matsui - məşhur yapon pianoçu və bəstəkardır. O, Tokioda anadan olub, lakin özünü dünya vətəndaşı hesab edir.
Sənətçi 20 albom buraxıb və beynəlxalq şöhrət qazanıb.
Səhnəyə çıxan Keyko Matsui tamaşaçı salonunun alqışları ilə axşam qonaqlarını salamladı:"Axşamınız xeyir! Yenidən bu gözəl şəhərdə olduğum üçün çox şadam! Bu gün orkestrsiz çıxış edəcəyəm. Bu mənim solo layihəmdir, yalnız mən və piano. Mən sizin üçün ən məşhur kompozisiyalarımı ifa edəcəm. Ümid edirəm ki, xoşunuza gələcək və konsertdən zövq alacaqsınız ".
"Bu gün ifa etdiyim əsərlər həyatın mənası, ətrafımda olan şeylər haqqında düşüncələrimdir. Mən bu dünyaya necə gəldiyimizi, insanların və planetimizin qarşılıqlı əlaqəsini çox düşünürəm. Bütün bu düşüncələri musiqimdə əks etdirməyə çalışdım ", - deyə pianoçu qeyd edib.
Matsui orkestrsiz çıxış etsə də, ifası çoxşaxəli oldu. Üstəlik, bəzi əsərlər ifa edərkən Matsui özünü pianoda müşayiət edirdi və tamaşaçıları heyrətləndirdi.
Bu axşam «Forever, Forever», «Wildflower», «Butterfly», «Casablanca», «Moon over Gotham», «Tears Of The Ocean», «Light above the treese» kimi əsərlər ifa olunub.
Gecənin sonunda Matsui isti qəbula görə Bakı tamaşaçısına təşəkkür edib və «Deep blue» kompozisiyasını ifa edib.
Xatırladaq ki, Keiko Matsui caz aləmində XX əsrin 80-ci illərin ortalarından başlayaraq məşhurlaşıb. Əsasən caz-pop və flujn üslubunda ifaçı kimi tanınmış Keiko Matsui Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayıb, orijinal bəstəkar və özünəməxsus vokalçı kimi də uğur qazanıb. Onun “A drop of Water” adlı ilk albomu ABŞ-da buraxılıb. “Dream Walk” lonqpleyi ən populyar caz albomları arasında ilk üçlüyə daxil olub. 1999-cu ildə Keiko “Oasis Awards” yarışmasının qalibi olub, onun “Light Above the Trees” klipi isə ən yaxşı videoklip mükafatına layiq görülüb. Onun bəzi kompozisiyaları lirik mahnılar kimi, digərləri kinofilmlərə etüdlər kimi səslənir.