Maykl Dorandan İrəvana çağırış: “Paşinyan razılaşmaları həyata keçirməlidir”

  

“Yeni reallıqların işığında regionda öz gücündən söz etdirən Azərbaycan dünyanın xüsusi əhəmiyyətli qovşağında Amerikanın etibarlı tərəfdaşına çevrilməkdə davam edir”.

Bu sözləri “AZTV Xəbər”ə eksklüziv müsahibəsində ABŞ-ın ən böyük beyin mərkəzlərindən biri olan Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran deyib.

Tanınmış ekspert Azərbaycan-Amerika münasibətlərindən danışarkən bildirib ki, hazırda ABŞ-Azərbaycan münasibətlərinin standartlarına uyğun əməkdaşlıq üçün böyük imkanlar mövcuddur: “Məncə, əsl dəyişiklik Ukrayna müharibəsi oldu. Ukrayna müharibəsi amerikalıların baxışını iki istiqamətdə dəyişdi. Birincisi, Türkiyənin Rusiyanın gücünə qarşı tarazlıq kimi qəbul etdiyi dəyərin, eləcə də Mərkəzi Asiyanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətinin başa düşülməsidir. Mərkəzi Asiya enerji resurslarını Avropaya gətirmək barədə düşünəndə Azərbaycanın əhəmiyyətini başa düşürsən. Ona görə də hesab edirəm ki, Vaşinqtonda belə bir fikir var: Azərbaycan həqiqətən ABŞ-ın strateji tərəfdaşıdır. Lakin bunun Vaşinqtonda həqiqətən də köklü bir konsepsiyaya çevrilməsi üçün hələ uzun bir yol var”.

Ekspert deyib ki, İkinci Qarabağ müharibəsi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə regionda yeni geosiyasi reallıq formalaşıb. Yaxın keçmişdə Qarabağa səfər edən siyasi analitik Şuşanın gözəlliyinə və Xudafərin köprüsünün əzəmətinə valeh olub. Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını viran qoyması isə onu təəccübləndirib: “Qarabağa səfərimdən iki əsas təəssüratım oldu. Birincisi, ermənilərin orada törətdiyi dağıntı qarşısında sadəcə sarsıldım. Bir amerikalı kimi bunu demək ikiqat təsirə malikdir. Çünki erməni təbliğatının ABŞ-da baş verənlərlə bağlı yanlış təəssürat yaratdığını bilirsiniz. Mən çox döyüş bölgəsində olmuşam, qaynar müharibə zonalarına səfər etmişəm, ancaq heç vaxt belə bir şey görməmişəm. 30 il işğal altında olan ərazilərdə hər şey dağıdılıb, heç nə tikilməyib. İkinci təəssüratım Azərbaycanın bölgəni dirçətməsi üçün gördüyü işlərə dərin rəğbət hissi idi. Ərazilərini geri almaq, millətini öz torpaqlarına geri qaytarmaq baxımından Azərbaycanın yüksələn gücünü hiss etdim. Mənim əsas işim Amerikanın xarici siyasəti haqqında düşünməkdir. Beləliklə, mən qüdrətli Azərbaycanı ABŞ-ın strategiyasında gördüm”.

M.Doranın fikrincə, Ermənistana müdaxilə edən kənar qüvvələr regionda dayanıqlı sülhün bərqərar olmasına mane olur. Siyasi analitik vurğulayıb ki, Cənubi Qafqazda sülh üçün Ermənistan reallıqla barışmalı və razılaşmalara əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir: “Paşinyan İkinci Qarabağ müharibəsinin sonunda əldə olunan razılaşmaları həyata keçirməlidir. Zəngəzur dəhlizi açılmalı, bölgədə qanunsuz mədən işlərinə, Azərbaycanın sərvətlərinin qeyri-qanuni istismarına son qoyulmalı, insanların ölümünə səbəb olan minaların döşənməsi dayandırmalı, sərhədlər demarkasiya edilməlidir. Sülh əlbəttə ki, həm Azərbaycana, həm də Ermənistana xeyir gətirəcək.  Əminəm ki, Paşinyan bu faktı dərk edir. Lakin təəssüf ki, o, ölkəsində öz maraqlarından çox sülhün tanınması ilə bağlı qərarlı hərəkət etmək gücünə malik deyil. Onun ölkəsində sülh istəməyən çoxlu kənar qüvvələr var. Ermənistanın qonşularından olan Rusiya və İranın bölgədə sülh istədiklərinə əmin deyiləm. Yenə də, Ağ Evin və Dövlət Departamentinin regionda sülhün bərqərar olunması ilə maraqlanması yaxşı haldır”.



Şərhlər
Siyasət bölməsinin xəbərləri