“Azərxalça” Gənclər günündə tələbələr üçün “Xalça istehsalında bir gün” adlı tədbir təşkil etdi



Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

İşıqlı, parlaq və gözəl gələcəyimizin qarantı olan gənclərin bu vacib gününü, 2 fevral Azərbaycan Gəncləri Gününü “Azərxalça” ASC yaradıcı qrupu məhz gənclərlə birlikdə qeyd etdi.

Fevral ayının 2-si Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və Təhsil Nazirliyi, "bədii xalça" ixtisasında təhsil alan   SABAH qrupları tələbələri, onların diplom rəhbərləri və digər müəllim heyəti  “Azərxalça”-nın  Qobuda yerləşən xalça  emalatxanasında  "Xalça  istehsalında bir gün" adlı tədbir təşkil edib.

Tədbir zamanı xalçaçılıq ixtisası üzrə təhsil alan dördüncü  kurs tələbələri buraxılış işlərinin layihələrini və çeşnilərini  təqdim ediblər. ADRA müəllim heyəti və “Azərxalça” yaradıcı qrupunun nümayəndələri buraxılış işlərini müzakirə edərək, onlara öz  fikir və iradlarını bildiriblər.

Daha sonra gələcəyin xalçaçıları  “Azərxalça” nın istehsalat üzrə mütəxəssislərinin rəhbərliyi ilə bu xalçaların istehsalının bədii-texniki xüsusiyyətlərini müzakirə edib, həmçinin istehsal prosesi ilə birbaşa tanış olublar.  Tələbələr  həmçinin “Azərxalça”nın ən yaxşı toxucularından ustad dərsi alaraq, özlərini xalça toxuma prosesində də sınayıblar.

“Azərxaça” ASC ilə Azərbaycan Dövlət  Rəssamlıq Akademiyası arasında əməkdaşlığın davamı olaraq tələbələrin xalçalarının eskizləri əsasında 6 xalça “Azərxalça” emalatxanalarında toxunaraq  tədris ilinin sonunda diplom işi kimi təqdim olunacaq.  Adi çəkilən layihənin ideya müəllifi ADRA – nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovdur.

Yaradıcı gənclərə dəstək və təhsil müəssisələri ilə fəal əməkdaşlıq “Azərxalça” nın qarşısında duran əsas vəzifələrdən biridir. Belə tədbirlər istehsalla təhsil arasında daha geniş qarşılıqlı əlaqəyə təkan verərək gənclərin milli mənəvi sərvətimizə marağını daha da artıracaq.

Məlumat üçün bildirək ki, 1997-ci ildən hər il fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” kimi elan edilmişdir.  Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub.

Azərbaycan xalqının Ümummilli Lideri,müstəqil Azərbaycan dövlətinin qorucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 2023-cü il 100 illliyi tamam olması ərəfəsində onun   əziz xatirəsini anan tədbir iştirakçısı gənclər çıxış edərək, Azərbaycan gəncliyinin vətənə məhəbbət,  elmli, hərtərəfli savadlı və sağlam inkişafı üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirdilər.

“Azərxalça” ASC hər zaman gənclərlə çalışmağa, onlar üçün öz istedadlarını ortaya çıxarmağa imkan yaratmağa hazırdır!











   
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri