Adil Kərimli: “Kəndlərdəki kitabxanalarda 20 min kitabın olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur”


“Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir. Onlar Azərbaycan mədəniyyətlərinə töhfə verə bilirmi? Xeyr. Bunu da hamı bilir”.

Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə ciddi işlərin görülməsi önəmlidir: “Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Bu gün 700-800 tarixi mədəniyyət abidəsi məhz işğaldan azad olunmuş ərazilərdə qeydiyyata alınıb və proses davam edir. Onların bərpasına da ciddi ehtiyac var. Hamı düşünür ki, bu işlərin hamısını Mədəniyyət Nazirliyi həll etməlidir”.

A.Kərimli qeyd edib ki, abidələri qorumaq üçün sanki vətəndaşların öhdəliyi yoxdur: “Onları qınamaq da olmaz, bəlkə də maarifləndirmə işləri düzgün aparılmayıb. Tarixi abidə sayılan binalarda mənzil olan şəxslər məsuliyyət hiss etməlidir ki, dövlət hər zaman bunu qoruya bilməz”.



Report
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri