İyirmi ildən sonra Bakı Dövlət Sirki yaz mövsümündə bənzəri olmayan, rəngarəng və möhtəşəm “DZİVA” şousu ilə tamaşaçiların qarşısına çıxdı.
LIVE.az
life.az-a istinadla xəbər verir ki, şounun təşkilatçısı Monte-Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur. Proqrama Monte-Karlo festivalı iştirakçıları, eləcə də “Cirque du Soleil” kimi tanınmış dünya sirklərində çalışmış və sirk səhnələri fəth etmiş müxtəlif ölkələrin sirk aktyorları dəvət olunmuşdur.
Bakı tamaşaçıları çoxlu sayda topları havada eyni anda idarəedən jonqlyor Pavel Rujilo sənətini izləməkdən böyük zövq aldılar. Ən nüfuzlu sirk səhnələrində çıxış etmiş, müxtəlif mükafatların laureatı olmuş Pavel Rujilo beynəlxalq sirk festivalı “Festival Mondial du Cirque de Demain”in bürünc medala layiq görülmüşdür.
Proqramın maraqlı hissələrindən biri “Flaying Trapeze İnFİNİTİ” hava uçuş gimnastikası nömrəsidir. Bakı Dövlət Sirki arenasına təcrübəli akrobatlar cığırda xüsusi nömrə ilə çıxış edirlər. Eyni zamanda belorus hava gimnastı halqa nömrəsini təqdim edir.
Bakı Dövlət Sirkində illər sonra “Big Cat Show” adlı yırtıcılarla heyrətamiz tamaşa təqdim olunur. Məhşur heyvan təlimçisi olan Rostislav Qavrılivun zolaqlı pişikləri və məhşur şiri arenaya çıxarır. Proqramın unikallığı heyvanların qeyri-adi fəndləri bərabər, sevgi dolu insan və yırtıcı münasibətinin nümayişidir.
“Dziva” proqramında kloun sənətinin məhşur simaları da iştirak edir. Belə ki, yaz mövsümündə manejdə Oleq fon Suvoroff və dünyanın ən tanınmış klounu “qrimsiz kloun” Andrey Jiqalovun xalça dueti baş tutur. Andrey Jiqalov 1992-ci ildə Parisdə keçirilən “Festival Mondial du Cirque de Demain” nüfuzlu sirk festivalında qızıl medalına layiq görülmüşdür. 2003-cü ildə Monte Karloda keçirilən festivalın ali mükafatı sayılan “Gümüş kloun”u ona şəxsən şahzadə Stefani təqdim etmişdir.
Həmçinin Bakı Dövlət Sirkində Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi təqdim olunur.
Proqramda Bakı Dövlət Sirkinin yeni heyəti Günay Nuriyevanın “Kauçuk qız” adlı maraqlı nömrəsi ilə təmsil olunur. Bakı Dövlət Sirki “Dziva” proqramında əsrarəngiz sirk dünyasının ən yaxşı nümayəndələrini bir araya gətirmişdir.
Martın 1-də artıq ənənə halına çevrilən xeyriyyə tamaşası çərçivəsində ilk qonaqlar şəhid və müharibə iştirakçıları övladları, uşaq evlərinin sakinləri oldu.
Yeni yaz proqramının rəsmi açılışı isə martın 4-ü və 5-i saat 15.00-da baş tutucaq.
Tamaşalar həftənin şənbə və bazar günləri, eləcə də Novruz bayramı günlərində saat 12.00-da və 16.00 keçiriləcək.