Мartın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olub.
LIVE.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Viya Buşa və digər rəsmi qonaqlar iştirak ediblər.
Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Sərgidə Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərləri nümayiş olunur.
Sərginin açılış mərasimində çıxış edən Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa bugünkü tədbirin ölkəsi üçün önəmli hadisə olduğunu deyib. O, bu sərginin hər iki ölkənin birgə səyləri nəticəsində baş tutduğunu qeyd edib. Bildirib ki, sərgidə xalqlarımız arasında olan oxşarlıq nümayiş olunur.
Viya Buşa diqqətə çatdırıb ki, Latviyanın Azərbaycandakı səfirliyi incəsənət sahəsindəki layihələrə xüsusi önəm verir. Eyni zamanda, səfirlik Latviya ilə Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlərə, bu istiqamətdə dialoqa öz töhfəsini verir. Beləliklə, bu cür tədbirlərin keçirilməsi sayəsində Latviyanın təsviri incəsənəti Azərbaycanda təşviq edilir. Bu sərginin açılışı ilə biz mədəni əməkdaşlıq sahəsində növbəti addımı atmış olacağıq.
Latviya Respublikasının Prezidenti Egils Levits müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirmək üçün sərginin adının düşünülmüş olduğunu və düzgün seçildiyini deyib. O bildirib ki, bu gün heç kim yeknəsəq, qlobal mədəni şəraitdə yaşamaq istəməz. Hər bir xalqın özünəməxsus mədəniyyəti qorunub saxlanmalıdır. Milli mədəniyyətlər ənənələrə söykənir, lakin bu ənənələr inkişaf etdirilməlidir. Milli mədəniyyətlər digər mədəniyyətlərin irəli sürdüyü ideyalara açıq olmalıdır.
Bu sərgini ölkələrimiz arasındakı körpülərin çox bariz nümunəsi adlandıran Latviya Prezidenti tədbirin təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl nümunələrindən biridir. Bu cür birgə mədəni tədbirləri keçirməklə biz bir-birimizi daha da yaxın, bağlı edirik.
Sərgidə əsərləri nümayiş olunan müəllif İeva Krumina möhtəşəm bir məkanda - Heydər Əliyev Mərkəzində sərginin açılışında iştirak etməkdən və əsərlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edib. Öz əsərləri barədə məlumat verən İeva Krumina diqqətə çatdırıb ki, Şərq üslubunda miniatür ənənələrini mümkün qədər yüksək səviyyədə qoruyub saxlayaraq 43 illüstrasiya yaradıb. “Hər iki xalqın düşüncələrində bir çox oxşarlıqlar var. İncəsənət bizi bir birimizə yaxınlaşdırır. Bu o deməkdir ki, bizim bölüşdüyümüz ideyalar bir-birimiz tərəfindən qavranıla bilər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır və hər bir sənət əsərinə baxanda insan özünü o sənət əsərində görür. Onun sənət əsərləri insanlara dünyanı sevgi sapları ilə təmir etmək mesajını çatdırır.
Dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeni və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
Heydər Əliyev Mərkəzindəki sərgi aprelin 3-dək davam edəcək.