2023-cü ilin fevral ayında Bakı hava limanı sərnişinlərin sayına görə rekorda imza atıb



Bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərərək rekorda imza atıb.

LIVE.az-ın məlumatına görə, life.az Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki illərin fevral ayı, o cümlədən pandemiyadan əvvəlki dövr üzrə rekord göstəricidir.

Belə ki, 2023-cü ilin fevral ayında bu rəqəm 312,883 min nəfər idisə, 2019-cu ilin eyni dövründə bu göstərici 243,165 min nəfərə bərabər olub. 2020, 2021 və 2022-ci illərin fevral aylarında Bakı hava limanının sərnişin axını müvafiq olaraq 270 min, 67 min və 206 min nəfər sərnişini ötüb.

Fevral ayında ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 367 min nəfər təşkil edib, 2023-cü ilin əvvəlindən isə bu göstərici təxminən 790 min nəfərə çatıb.

Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və “Buta Airways” müvafiq olaraq 106 mindən çox və 43 min sərnişin daşıyıb. Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 40% təşkil edib.

2023-cü ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 25 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “WizzAir” aviaşirkətləri ilə daşınıb.

Fevral ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Mineralnıye Vodı, Ciddə, Şarja, Ankara və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 193 min sərnişinə xidmət göstərilib.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin axını 5,3 milyondan çox sərnişin təşkil edib. Bu rəqəm pandemiyadan əvvəlki göstəriciyə yaxındır.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” beynəlxalq agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri