Ərdəbil Ticarət Palatasının sədri: “İran xəstəxanalarında qiymətlərin 3 dəfə bahalaşması Azərbaycandan ora xəstələrin çox getməsi ilə bağlı deyil”

İranda, xüsusən də Ərdəbildə xəstəxanaların qiymətinin qalxması Azərbaycandan ora xəstələrin çox getməsi ilə bağlı deyil.

APA-nın məlumatına görə, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi bildirib.

Onun sözlərinə görə, qiymət artımı sırf iqtisadi məsələlərlə bağlıdır: “İran dərman preparatlarının hazırlanması üçün xammalı Avropadan alır. Hazırda bu məhsullar İrana əvvəlki illərdən daha baha idxal edildiyindən, ölkədə səhiyyə qiymətləri 3 dəfə bahalaşıb. Bunun İrana müalicəyə gələn Azərbaycan vətəndaşları ilə əlaqələndirmək düzgün deyil. Ölkə qanunlarına görə, İran öz vətəndaşları üçün səhiyyə müəssisələrindən istifadəyə görə subsidiyalar verir. Xarici vətəndaşlar üçün isə müalicəyə görə ayrı qiymət müəyyənləşir. Təklif edərdim ki, iki ölkənin ticarət palataları Bakıda xəstələri qəbul edib, onları sığortaladıqdan sonra İranın müxtəlif yerlərinə müalicəyə göndərək. Belə olan halda Azərbaycan vətəndaşları İrana müalicəyə getdikləri təqdirdə, heç bir əlavə xərcləri çıxmayacaq və bizim vətəndaşlarla eyni hüquqlu müalicə almaq imkanları olacaq”.
Şərhlər
Sosial bölməsinin xəbərləri