Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında iştirak edib.
Bu barədə mediaya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclas zamanı çıxış edən nazir Ceyhun Bayramov, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək TDT-nin fövqəladə Zirvə Görüşünün 6 fevral 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib.
Böyük fəlakət və əsrin faciəsi olan bu zəlzələlərin on minlərlə insan itkisi, böyük dağıntılar və humanitar problemlər yaratmasına baxmayaraq, qüdrətli türk millətinin və Türkiyənin zəlzələnin fəsadlarının aradan qaldırılmasının öhdəsindən ən qısa zamanda ləyaqətlə gələcəyinə əminlik ifadə olunub. Sevincini olduğu kimi dərdini də birlikdə bölüşən xalqlarımızın bu acı günlərdə də nümunəsinə az rast gəlinən həmrəylik nümayiş etdirdiyi çıxış zamanı vurğulanıb.
Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə ölkəmizin bütün əlaqədar qurumları tərəfindən operativ qaydada Türkiyəyə yardım edildiyi, bu çərçivədə ölkəmizdən xilasetmə və tibbi heyət, səhra xəstəxanaları, onlarla təyyarə və yüzlərlə yük maşınları ilə göndərilən humanitar yardım barədə məlumat verilib.
Nazir Ceyhun Bayramov həmçinin baş vermiş təbii fəlakət fonunda üzv dövlətlər arasında fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın, o cümlədən birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması üzrə yol xəritəsinin praktiki icrasının vacibliyini qeyd edib.
TDT-nin yaranmasından ötən illər ərzində Təşkilatın üzv dövlətləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar sahələrində əməkdaşlığın güclənməsi, o cümlədən qurumun beynəlxalq nüfuzunun artması məmnunluqla qeyd olunub. Bu xüsusda, Özbəkistanın TDT-yə sədrliyinin Təşkilatın daha da güclənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
Xarici İşlər Nazirləri Şurasında TDT-yə üzv ölkələrin xarici işlər nazirləri də çıxış edib, Zirvə Görüşündə ölkələrin liderləri tərəfindən təsdiq edilməsi nəzərdə tutulan sənədlər və siyasi bəyannamə layihələri nəzərdən keçirilib.