Qobustan qoruğunda Novruz şənliyi təşkil edilib
- 18.03.2023, 17:27,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Qobustan qoruğunda Novruz şənliyi təşkil edilib.
LIVE.az xəbər verir ki, Qobustan qoruğunda Novruz şənliyinin keçirməsinin əsas məqsədi qoruğa gələn ziyarətçilərə Novruz adət-ənənələrini və Azərbaycanın zəngin mətbəxini nümayiş etdirməkdir.
Əvvəlcə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən söz açıb: “Hər bir xalqın milli adət-ənənələri olduğu kimi, Novruz bayramı da Azərbaycanın qədim adət-ənənələrini tərənnüm edən bayramlardandır. Qobustan qoruğunda Novruz şənliyinin qeyd olunması artıq ənənə halını alıb. Bizim burada Novruz şənliyini keçirməyimizdə əsas məqsədimiz qoruğumuza gələn ziyarətçilər arasında yerli və əcnəbi qonaqlara Novruz adət-ənənələrini, atributlarını və Azərbaycanın zəngin mətbəxini nümayiş etdirməkdir”.
Hamını Novruz bayramı münasibətilə təbrik edən qoruğun direktoru bayram şənliyini açıq elan edib.
Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributları nümayiş olunub. Ozan baba və Bahar qızın gətirdiyi məşəllə dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılıb.
Aktyorların ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılara xoş bayram ovqatı bəxş edib.
Tədbirdə əl işlərindən ibarət sərgi və satış yarmarkası təşkil olunub.