“Fitch” 2023-2024-cü illərdə Azərbaycanda inflyasiyanın azalması amillərini açıqlayıb
- 01.04.2023, 12:30,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda inflyasiya səviyyəsi ötənilki 13,9 %-dən 2023-cü ildə orta hesabla 10,3 %-ə düşəcək.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.
Agentlik 2024-cü il üçün inflyasiyanın 7,3 %-ə qədər azalacağını proqnozlaşdırır.
"Bu, qlobal əmtəə qiymətlərinin aşağı düşməsi, tədarük zəncirindəki fasilələrin azalması və daha güclü real effektiv məzənnə ilə bağlıdır. Buna baxmayaraq, bu proqnozlar hələ də Azərbaycan Mərkəzi Bankının hədəfindən (4% +/-2 faiz bəndi) yüksəkdir", - agentlik vurğulayır.
“Fitch”in qeyd etdiyi kimi, ölkədə inflyasiya 2022-ci ilin oktyabrında qeydə alınmış 15,6 %-lik ən yüksək həddən cari ilin fevral ayında 14,1 %-ə enib, bu da qismən ərzaq qiymətləri inflyasiyasının 4 faiz bəndi azalaraq 17,1 %-ə düşməsini əks etdirir: "Daxili komponent ötən ilin əvvəli ilə müqayisədə bir qədər yüksəkdir, nominal əməkhaqqı artımı isə ümumi səviyyəyə yaxındır".
İnflyasiya təzyiqlərini aradan qaldırmaq üçün Azərbaycanda uçot dərəcəsi son bir ildə 100 baza bəndi artırılaraq 8,5 %-ə çatdırılıb, məcburi ehtiyatlardan da istifadə edilməklə bank sektorunun likvidliyinin mənimsənilməsi üçün digər tədbirlər görülsə də, pul siyasətinin transmissiyası nisbətən zəifdir, agentlik qeyd edir.
Report