İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib


İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İnam İmdad oğlu Kərimov 1977-ci ilin 6 iyununda Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci ildə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb. 2004-2012-ci illərdə Azərbaycan Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib.

2012-2018-ci illərdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 2018-2023-cü illərdə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

İngilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki övladı var.
Şərhlər
Siyasət bölməsinin xəbərləri