Bakıda Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının iclası keçirilib  


5 aprel Bakıda Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının iclası baş tutub.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov çıxış edib. O qeyd edib ki,
yaxın vaxtlarda Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Görüşdə iştirak etmək üçün Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin Bakıya səfər edəcək.

Səfir yaxın zamanlarda iki ölkənin işgüzar şurasının iclasının da keçiriləcəyini də əlavə edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Zöhrab Qədirov tədbirdə vurğulayib ki, hazırda Azərbaycanda Qazaxıstan kapitallı 150 şirkət fəaliyyət göstərir və bu rəqəm gələcəkdə artacaq.
"Ümid edirik ki, həmin şirkətlər Azərbaycanda daha uğurlu fəaliyyət göstərərlər. Azərbaycanda xarici investisiya qoyuluşu üçün münbit şərait var. Ələt Azad İqtisadi Zonası xarici investisiyaların cəlb edilməsi üçun xüsusi imkanlar və fürsətlər təklif edir", - deyə bildirib.

Bundan başqa, AZPROMO rəsmisi qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artmaqdadır: "Biz bu artımı xüsusilə qeyri-neft sektorunda görürük. AZPROMO Azərbaycanın qeyri-neft sektorunun inkişafı, ölkəyə xarici investisiyaların cəlb edilməsi istiqamətində sıx işləyir. 

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev öz çıxışında qeyd edib ki,Bakıda Qazaxıstan Ticarət evi açılmalıdır."Ölkələr arasında əmtəə dövriyyəsinə Qazaxıstan Ticarət evinin açılması hesabına müsbət yatırım müşahidə edirik. Düşünürəm ki, Almatıda yeni Azərbaycan Ticarət evinin açılması əmtəə dövriyyəsinin artmasına müsbət təsir göstərib", - deyə o əlavə edib.
Torebayev Azərbaycanın ixracyönümlü məhsullara malik ölkələrdən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, hər il Azərbaycanla Qazaxıstan arasında 30 milyon dollar və daha yüksək dəyərdə sazişlər imzalanır.

"Ötən ilin yekunlarına görə, ölkələr arasında əmtəə dövriyyəsi 40 faiz artaraq 262 milyona çatıb, yanvar-fevral ayları ərzində isə 15 faiz artıb", - o deyib.

Nazir müavini Qazaxıstanda Azərbaycan kapitalına malik 1 170 şirkətin, Azərbaycanda isə Qazaxıstan kapitalına malik 145 şirkətin qeydiyyatdan keçdiyini deyib.
Tədbirdə Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalanıb.

Sazişlər Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, akkumulyatorların, qida və qənnadı məmulatlarının, eləcə də transformatorların tədarükünü nəzərdə tutur.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri