İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”





“Azərbaycan ölkəni bərpa olunan enerji mənbələrindən enerji istehsalçısına və ixracatçısına çevirmək üçün çalışır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

“Hazırda biz Azərbaycanın bərpa olunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Bərpa olunan enerji sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlər Azərbaycanla 25 geqavatdan çox bərpa olunan enerjinin istehsalına dair sazişlər imzalayıb”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti, ölkədə bərpa olunan enerji potensialının Xəzər dənizinin Azərbaycan sektorunda 157 geqavat daxil olmaqla, 200 geqavat təşkil etdiyini bildirib.

Prezident İlham Əliyev xatırladıb ki, artıq Azərbaycanda ilk külək və günəş elektrik stansiyalarının tikintisinə başlanılıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas məqsədi bərpa olunan enerji mənbələrindən istehsal olunan enerjini ilk növbədə, təbii ki, Avropaya çatdırmaqdır.

“Biz enerji diplomatiyasını və neftdən, indi təbii qazdan və daha sonra “yaşıl hidrogen”dən başlayaraq meqa layihələrin həyata keçirilməsini fəal şəkildə davam etdiririk. Bütün bunlar, əminəm ki, bizi Avropa ilə güclü enerji ötürücü xətləri ilə birləşdirəcək və Avrasiyada tamamilə yeni vəziyyət yaradacaq”, - İlham Əliyev bildirib.





Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri