İlham Əliyev Ərdoğanla birgə “Texnofest-2023” festivalına “Togg” avtomobili ilə gedib

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edirlər.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər.

Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.

Sonra xatirə şəkli çəkdirilib.

Əvvəlcə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybenin çıxışı olub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib:

- Hörmətli Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Əminə xanım, hörmətli və əziz dostlar.

Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi.

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay Türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.

Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur.

Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!

x x x

Sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlini qoyublar.

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim edib.

Daha sonra Türkiyə Prezidenti çıxış edib.

Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirilib.

“Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənilib.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim edib.

x x x

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.

Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər.

“TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri