Azərbaycan yığması Ermənistandakı Avropa birinciliyinin əvəzinə Afrika çempionatında yarışacaq


Azərbaycan ağırlıqqaldıranları Afrika çempionatında iştirak edəcəklər.

Atletlər 11-20 may tarixlərində Tunisdə baş tutacaq qitə birinciliyində qüvvələrini sınayacaqlar.

Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) belə bir təklif göndərib. AAAF rəhbərliyi də bunu müsbət cavablandırıb.

AAAF-nin mətbuat xidməti “Report”un sorğusuna cavabında məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvandakı Avropa çempionatında iştirak edə bilməyən idmançılar Tunisə yollanacaqlar. Afrika çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yəni idmançıların orada qazanacaqları xallar olimpiadaya lisenziya xalları kimi nəzərə alınacaq.

Qeyd edək ki, Azərbaycan millisi 15-23 aprel tarixlərində Ermənistanda keçirilən Avropa çempionatına İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Nazilə İsmayılova (49 kq) ilə yollansa da, açılış mərasimi zamanı Azərbaycana qarşı edilən təxribat səbəbindən geri qayıtmaq qərarına gəlib.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri