Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar 5 may tarixində Azərbaycan Milli Xalça Muzeyi “Tarixin salnaməsi” adlı sərgini və “Milli sərvətimiz” adlı sənədli filmi ictimaiyyətə təqdim etdi.Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev və Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Selçuk Karakılıç çıxış etdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixin salnaməsi” adlı sərgidə nümayiş olunan dərin fəlsəfi məna kəsb edən və orijinal kompozisiyaya malik xalçanın ideya müəllifi Şirin Məlikovadır. Muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan bu sənətkarlıq nümunəsinin leytmotivi Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamıdır. Xalçanın bədii quruluşunda dahi şəxsiyyətin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, xalqımızın milli irsinə, xüsusilə də xalça sənətinə böyük diqqət və qayğısı simvolik dildə öz əksini tapıb. Bu unikal sənət nümunəsinin əsas elementi olan ağac isə soy-kökümüzün rəmzi kimi təqdim olunub.
Əməkdar rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən ərsəyə gətirilən “Tarixin salnaməsi” xalçasının toxunmasında 100 rəng çalarında yun və ipək iplərdən istifadə olunub.
Sərgidə təqdim edilən xalçanın zəngin kompozisiyasını təşkil edən təsvir və ornamentləri canlandırmaq məqsədilə Qobustan qayaüstü rəsmlərinin, ov səhnələrinin, “Yallı” milli rəqsinin, el ağsaqqalı Dədə Qorqudun, xalq qəhrəmanı Koroğlunun, Azərbaycanın üçrəngli bayrağının, görkəmli mütəfəkkir Nizami Gəncəvinin poemasından, həmçinin dahi lider Heydər Əliyevdən sitatların, Novruz bayramının əsas atributu olan səməninin, alov rəmzi olan butanın, müqəddəs ağacın və digər elementlərin animasiya videosundan ibarət videoproyeksiya nümayiş olunur.
Həmçinin, sərgidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film təqdim edildi. Ulu Öndərin ölkəmizdə bütün sahələrin, o cümlədən, mədəniyyətin, incəsənətin, eləcə də Azərbaycan xalça sənətinin inkişafına göstərdiyi böyük diqqət və qayğını əks etdirən sənədli filmin istehsalında müxtəlif mənbələrdən toplanmış nadir kino və fotoxronika arxivlərindən istifadə olunub. Burada Lətif Kərimov, Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında kadrlar, həmçinin 1983-cü ildə Bakıda keçirilmiş Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpoziumundan görüntülər yer alıb.
Azərbaycan Milli Xalça Muzeyi tərəfindən hazırlanmış “Milli sərvətimiz” adlı filmin ideya müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Sərgi 6 may tarixindən şəhərimizin sakinləri və qonaqları üçün açıqdır.