Qordon Birrel: "BP Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir"


BP şirkəti Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir.

Bunu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır.

Q. Birrel əlavə edib ki, "Şahdəniz" qaz-kondensat yatağından daha çox qaz əldə etmək imkanları da araşdırılır və hazırda burada yeni kəşfiyyat quyusu qazılır: “Görülən bu işlərin nəticəsində böyük qaz ehtiyatları aşkar olunacaq. Nəticədə Avropaya nəql edilən qaz həcmlərinin artacağına ümid edirik”.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri