Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb

 

 



İyunun 6-da “Four Seasons Hotel Baku”da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda hesabat xarakterli mətbuat konfransı keçirilib.

“Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəxin təbliğatında gənc nəsil aşpazların hazırlanması, milli kulinariya komandasının inkişafı və beynəlxalq yarışlarda iştirakın təmini istiqamətində məqsədyönlü tədbirlər görülür”, konfransda vurğulanıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova son bir il ərzində Azərbaycanın qastroturizm destinasiyası kimi təbliği istiqamətində görülən işlər haqqında danışıb. O, DTA-nın dəstəyi ilə fəaliyyəti aktivləşdirilən Milli Kulinariya Komandasının son ildə 2 dəfə beynəlxalq statuslu yarışlara təqdirəlayiq nəticələr əldə etdiyini vurğulayıb.  Artıq 2024-cü ildə Sinqapurda keçiriləcək çempionata vəsiqə qazanmış kulinarların əsas hədəfi dörd ildən bir keçirilən “İKA” Kulinariya Olimpiadasına çıxmaqdır. 

A.Hüseynova Azərbaycanın beynəlxalq yarışmalarda təmsilçiliyini gücləndirmək məqsədilə artıq Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasında (Worldchefs) milli üzvlük statusuna malik qurumun dəyişdirilməsi istiqamətində işlərə başlanıldığını da bildirib. Hazırda assosiativ üzv olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) milli üzv statusu verilməsinə ilə bağlı “Worldchefs”-ə müraciət olunduğunu qeyd edib. 

Tədbirdə Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilmesi sektorunun müdiri Səkinə Əsgərova təqdimatla çıxış edərək qeyd edib ki, DTA-nın dəstəyi ilə yaradılmış Milli Kulinariya Komandasının bu il ərzində iştirak etdiyi beynəlxalq yarışlar və pilot təhsil proqramı nəticəsində ölkəmizi dünyada qastronomiya destinasiyası kimi təbliğ edə biləcək peşəkar, qida texnologiyası ilə bağlı elmlərə yiyələnmiş, xarici dil biliklərinə malik və beynəlxalq səviyyəli milli aşpazların yetişdirilməsi qastroturizm məhsullarımızın daha yaxşı təqdimatına imkan yaradacaq.  

Tədbirdə DTA-nın qastroturizm strategiyası çərçivəsində yerli aşpazların yüksək səviyyədə təhsillini təşkil etmək məqsədilə Bayıl Kulinariya Təcrübə Mərkəzinin yaradılması, Azərbaycanın müxtəlif regionlarına xas mətbəx nümunələrini bir yerə toplayan “Milli dadlar” layihəsi, mətbəx nümunələrinin reseptlərinin elektron kataloqu, biomüxtəliflik nümunələri əsasında yeməklərin hazırlanma fəlsəfəsi, Azərbaycanın unudulmaqda olan yeməklərinin təbliği, “küçə yeməkləri” (“street food”) modelinin milli konsepsiyasının hazırlanması haqqında da məlumat verilib. 

Həmçinin Qarabağda turizm potensialının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Şuşada kulinariya gününün keçirilməsi, Tuğda yaradılması nəzərdə tutulan Kulinariya Təlim Mərkəzi və şərabçılığın inkişafı ilə bağlı layihə barədə də məlumat verilib.

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.





 

Şərhlər