Pərviz Şahbazov: “BTC ilə ilin sonuna kimi 1,125 milyon ton Qazaxıstan nefti nəql olunacaq”


Energetik naziri Pərviz Şahbazovun Astana Beynəlxalq Forumu çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Serik Jumanqarin ilə görüşündə Prezident İlham Əliyevin Qazaxıstana səfəri və imzalanmış sənədlərin ikitərəfli münasibətlərin kompleks şəkildə inkişafı və çoxşaxəli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün geniş imkanlar yaratdığı qeyd olunub.


Məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsində hazırda müşahidə olunan artım dinamikası ticari-iqtisadi əlaqələrin inkişaf göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı ixrac-idxal potensialından geniş istifadə, nəqliyyat-logistika imkanlarının artırılması, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin birgə investisiya perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqədar imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli enerji təchizatının diversifikasiyasını təmin edir.

Görüşdə əməkdaşlıq prioritetləri üzrə qarşılıqlı fəaliyyətdən irəli gələn məsələlərin birgə dəyərləndirilməsi və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində bu ilin sentyabr-oktyabr aylarında onlayn formatda görüşün keçirilməsi razılaşdırılıb.

///

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə ilin sonuna kimi 1,125 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.

Bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

“Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ticari-iqtisadi əməkdaşlığımızın inkişafına dair faydalı müzakirələrimiz olub”, deyə, nazir qeyd edib.

Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.

BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri