"Eurovillage” ( “Avropa şəhərciyi”) Lənkaranda

  

10 iyun  Lənkəranda Heydər Əliyev parkında "Eurovillage” - Avropa İttifaqı (Aİ) ölkələrinin mədəniyyət festivalı keçirilib.

Tədbir Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təşkil olunub. Tədbirin açılışında Lənkəranın İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. İcra başçısı deyib ki, bu gün Aİ və Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir: "Bu tədbir xalqlarımızın zəngin mədəniyyətini anlamağa, tanımağa, Avropa müxtəlifliyini, dəyələrini öyrənməyə imkan verir. Aİ-nin son illər Lənkərana yetirdiyi diqqət, bu regionda keçirdiyi tədbirlər, layihələr bizim tərəfimizdən təqdir olunur. Biz bu diqqəti yüksək qiymətləndiririk".
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da tədbirdə çıxış edib: "Bu gün burda olmaqdan çox məmnunuq. Aİ və Azərbaycan birlikdə güclü tərəfdaşlıq qurmaqdadır. Bu tərəfdaşlıq insanlar üçün təmin edilir ki, ölkənin hər bir nöqtəsində bundan səmərə görə bilsinlər.

Azərbaycan əsrarəngiz insanların yaşadığı bir ölkədir və Lənkəran bu ölkənin dilbər guşələrindən biridir. Mən səfir kimi ilk səfərimi Lənkərana etdim.

Lənkəran Aİ ilə əməkdaşlıq çərçivəsində müvafiq layihələrin reallaşdığı regionlardan biridir. Lənkəran Azərbaycanın ilk bölgəsidir ki, Aİ-nin bölgə üçün yaradılmış spesifik layihəsinin icrasına başladıq, məqsəd Lənkəranın inkişafı idi. Layihə "Aİ Lənkəran üçün" adlanır. Bu gözəl şəhərin inkişafı naminə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, regionda çalışan yerli orqanlarla, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirik.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədova bu layihəyə rəhbərlik etdiyi və dəstək verdiyi üçün minnətdaram.
Lənkəranı Şərq Tərəfdaşlığı ölkələri arasında keçirilən qrant müsabiqəsində də qalib olub, Lənkəranı buna görə təbrik edirəm. Bu qalibiyyət Lənkəranın mədəniyyətinin təbliğini təşviqinə təkan verəcək".

Tədbirin açılışında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edib. Nazir müavini bildirib ki, ölkədə müxtəlif sahələrdə inkişaf trendi müşahidə olunur: “Xarici siyasət kursunda prioritetlərdən biri beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqdır ki, bu istiqamətdə də addımlar atılır. Bu müstəvidə Aİ ilə əməkdaşlığımız ölkənin xarici siyasətində əsas istiqamətlərdən biridir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Aİ indiyə qədər Azərbaycana 20 milyard dollardan çox investisiya qoyub, blok həmçinin Azərbaycana texnik dəstək üçün indiyə qədər 640 milyon dollar yardım edib.

Aİ ölkələri Azərbaycanda indiyə qədər 57-dən çox tvinninq layihəsi həyata keçirib ki, bu da ən yaxşı Aİ təcrübəsinin Azərbaycanda təşviqi deməkdir. Bu gün Azərbaycan enerji təchizatı sahəsində Aİ-nin ən etibarlı tərəfdaşına çevrilib".

O, həmçinin deyib ki, Aİ Lənkəran-Astara regionunda aqroturizm, ekoturizmlə bağlı layihələrə maliyyə dəstəyi verir: “Ümid edirəm ki, bu layihələr çərçivəsində əməkdaşlığımız uğurlu olacaq və biz hədəflərimizə çatacağıq".

Festivalda Rumıniya, Latviya, Litva, Estoniya, Polşa, İsveç, Bolqarıstan, Almaniya, Belçika, Xorvatiya, Niderland və Çexiya səfirliklərinin stendləri nümayiş olunub.

Tədbirdə iştirak edən qonaqlar həmin Aİ ölkələrinin mədəniyyəti və ənənələri, mətbəxi, həmçinin təklif etdiyi təhsil və turism imkanları ilə tanış olublar. Aİ-nin təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələrin nümayəndələri tədbirdə iştirak edərək qonaqları Azərbaycan xalqının güzəranını yaxşılaşdırmaq üçün layihələrinin üstünləri ilə tanış ediblər.
Tədbir konsertlə davam etdi. Konsertdə “Nənələr” folklor qrupu, Leyla Tağıyeva, Çinarə Məlikzadə çıxış ediblər.


1

Şərhlər
Sosial bölməsinin xəbərləri