Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir.
Bunlardan biri də Mədəniyyət Nazirliyinin dəstəyi ilə 13-17 iyun tarixlərini əhatə edən “Kukla teatrları həftəsi”dir.
İyunun 13-də Azərbaycan Dövlət Kukla Teatrında tədbirin təntənəli açılış mərasimi baş tutdu.
Mədəniyyət Nazirliyi təmsilçilərinin, ədəbiyyat və incəsənət, teatr xadimlərinin, eləcə də beynəlxalq teatr təşkilatı və festivalları təmsilçilərinin iştirak etdiyi sənət bayramı ev sahiblərinin təqdimatında “Nağılvari” adlı tamaşa çələngi ilə başladı.
Ardınca teatr həftəsində təmsil olunan kollektivlərin yaradıcılıq yoluna qısa nəzər olan video-çarx təqdim edildi.
Tədbir teatr həftəsinin ilk qonaq kollektivi – Gəncə Dövlət Kukla Teatrının təqdimatında “Ana qaz” tamaşasının nümayişi ilə davam etdi.
Xalq şairi Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının quruluş müəllifi teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyev, xoreoqrafik həll müəllifi Fərmail Paşayev, musiqi tərtibatçısı Şamil Məmmədlidir.
Yeddi balasını itirən ana qazın faciəsini ifadə edən xoreoqrafik tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova və b. oynayırlar.
Alqışlarla qarşılanan nümayişin ardınca Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə gəncəli kuklaçılara Fəxri diplom və xatirə hədiyyələri təqdim etdi.
Teatr bayramının ikinci günü isə Qax Dövlət Kukla Teatrının yaradıcı heyəti öz sənət sovqatlarını təqdim etdilər. Onlar paytaxt kuklasevərlərinə repertuarlarındakı baxımlı səhnə nümunələrindən olan “Xeyir və Şər” adlı pantomima kukla tamaşalarını təqdim etdilər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın quruluş müəllifi Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir.
Kukla texnikası ilə canlı plan, eləcə də pantomimanın sintezi olan birhissəli uşaq tamaşasında rolları Orxan Əminov, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və Elnarə Razıyeva ifa edirlər.
Anşlaqla keçən nümayişin ardınca qaxlı kuklaçılara da tədbirdə iştirak ilə bağlı Fəxri diplom və xatirə hədiyyələri verildi.
Xatırladaq ki, ölkəmizdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etmək məramlı teatr tədbiri ölkənin bütün kukla teatrlarını əhatə edir.
Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “açıq qapı” formatında reallaşır. Burada əsas məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.
Iyunun 17-də başa çatacaq teatr həftəsinin növbəti günləri Salyan, Naxçıvan və ev sahibi Bakı kuklaçıları səhnədə olacaqlar.