Umayra Tağıyeva: "Bəzən sel-daşqın hadisələrinin ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır"
- 02.07.2023, 01:23,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Son zamanlar iqlim dəyişmələrinin fəsadları özünü daha qabarıq göstərməkdədir. Daha çox yağıntıların qeyri-bərabər paylanması müşahidə olunur. Belə ki, Azərbaycanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir".
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, bu ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb. Bu gün, iyulun 1-də artıq 3 sel hadisəsi müşahidə olunub.
Nazir müavini, həmçinin bəzi vətəndaşların sel-daşqın hadisələri zamanı məsuliyyətsiz davranışlarına da fikir bildirib: "Təəssüflər olsun ki, bəzən sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir.
Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır. Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var. Unutmamalıyıq ki, hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Selin istiqamətini öncədən müəyyənləşdirmək olmur.
Bununla yanaşı, sel iri gətirmələrlə , daş qaya ilə müşayiət oluna bilir. Bəzən əmlakını xilas etməyə çalışanlar öz həyatlarını təhlükə altına qoyurlar. Əhaliyə bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq şəkildə nəzərə alsınlar. Sel-daşqın hadisələri baş berən ərazilərdən mümkün qədər tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas edə bilər".
Report