Azərbaycana uçuşlar həyata keçirən aşağıbüdcəli aviaşirkətlərin sayı artıb


Bu ilin I yarısında Azərbaycana uçuşlar həyata keçirən aşağıbüdcəli aviaşirkətlərin siyahısına “RedWings”, “WizzAir Malta”, “Flyadeal” və “Air Cairo” əlavə olunub, onların ümumi sayı 15-ə çatıb.

Live.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, bunu hava limanının direktoru Teymur Həsənov bildirib.

"Bu gün Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma kimi müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür. Məhdud büdcəli insanların ehtiyaclarını ödəmək üçün daha çox aviaşirkətin cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir. Loukosterlərin sayının artması yeni aviaşirkətlərin cəlb edilməsi və sərnişinlər üçün imkanların genişləndirilməsi istiqamətində davamlı fəaliyyətimizi təsdiqləyir. 2019-cu ildən xarici aşağıbüdcəli aviaşirkətləri seçən sərnişinlərin sayı 29 %-ə yüksəlib. Biz bundan sonra da büdcəli səyahətlər üçün yeni perspektivlər açmağa, Bakını daha da əlçatan və cəlbedici turizm məkanına çevirməyə davam edəcəyik", - deyə o qeyd edib.

Regional hava limanlarını xarici aviaşirkətlərə baza aeroportu kimi təqdim etməyə hazır olduqlarını bildirən T.Həsənov qeyd edib ki, bu aeroportların imkanlarından istifadə edilməsi istiqamətində addımlar atılır, bu da Azərbaycana və Azərbaycandan yeni istiqamətlərin açılmasına töhfə verir.

"Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi ölkədə beşinci və yeddinci qrup hava azadlığının fəaliyyəti çərçivəsində baş verir. Bu qruplar xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar, Azərbaycan hava limanları vasitəsilə tranzit reyslər həyata keçirmək imkanı təklif edir", - deyə direktor vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri