ARDNŞ «Bulla-dəniz» yatağında yanğının söndürülməsi üçün görüləcək işlərin planını dəqiqləşdirib

ARDNŞ «Bulla-dəniz» yatağında yanğının söndürülməsi üçün görüləcək işlərin planını dəqiqləşdirib Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Bulla-dəniz» yatağında baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb.


ARDNŞ-dən APA-ya verilən məlumata görə, «Bulla-dəniz» yatağında 90 saylı quyuda baş vermiş qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edirdi.



Məlumatda deyilir ki, ARDNŞ və FHN-in yüksək ixtisaslı əməkdaşlarından təşkil olunmuş komissiya qarşısında ilk növbədə alovun istiqamətini şaquli yönəltmək vəzifəsi dayanırdı. Bunun üçün hərbi texnikanın köməyindən istifadə olunub, Sərhəd Qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsi ilə quyu ağzı maneçilik törədən avadanlıqlardan təmizlənib. Nəticədə, alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olunub.



Bununla da gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranıb. Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürmə gəmisi vasitəsi ilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılıb və alovun qarşısında su pərdəsi yaradılıb. Alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması prioritet götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılıb. Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib.



Əməliyyat zamanı ARDNŞ-in Təhlükəsizlik İdarəsinin fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq, yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirib. Kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olub. Əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilib və hazırlıq işləri başa çatdırılıb.



Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri