FİDE reytinqi: Nicat Abasov 38 pillə irəliləyib



Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb.

Ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.

Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrossmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.

Qədir Hüseynov isə bu dəfə ilk “100-lük”dən kənarda qalıb.

Reytinqə Dünya Kubokunun qalibi Maqnus Karlsen (2839) başçılıq edir. Bakıdakı turnirdə bürünc mükafata yiyələnən Fabiano Karuana (2786) ikinci, ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura (2780) üçüncüdür. Dünya Kubokunun sürpriz finalçısı Rameşbabu Praqqnanandha (2727) 19-cu sıraya qədər irəliləyib.

Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk “100-lüy”ə düşüb. Bunlar Günay Məmmədzadə (2441 xalla 29-cu), Ülviyyə Fətəliyeva (2387 xalla 63-cü) və Gövhər Beydullayevadır (2383 xalla 68-ci).

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu həmyerlisi Yu Venyun (2560) izləyir. Bakıda Dünya Kubokunu qazanan Aleksandra Qoryaçkina (FİDE, 2558) ilk “üçlüy”ü tamamlayır.


Report
Şərhlər
İdman bölməsinin xəbərləri