Şamaxıda “Azərbaycan dili və Ədəbiyyatı” Forumu keçirilir


Azərbaycanda ilk “Azərbaycan dili və Ədəbiyyatı” Forumu başlayıb.

LIVE.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində “Azərbaycan dili və Ədəbiyyatı” Forumu keçirilir.

Forumun açılışı sentyabrın 1-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxıda baş tutub.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət etdikdən sonra ədəbi-bədii proqram təqdim edilib.

Tədbiri giriş sözü ilə mədəniyyət naziri Adil Kərimli açıb, daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib.

Forum panel müzakirələrlə davam edib. Birinci panel “Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri”, ikinci panel isə “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusundadır.

Qeyd edək ki, Forum öz işini sentyabrın 2-3-ü Bakıda, “Gülüstan” Sarayında davam etdirəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri