ABŞ Xəzər dənizinin enerji ehtiyatları ilə bağlı hesabat yayıb

ABŞ-ın Enerji İnformasiya İdarəsi Xəzər dənizi hövzəvi ölkələrinin su və qurudakı neft-qaz ehtiyatları ilə bağlı hesabat yayıb.

APA-nın «Radiofarda»ya istinadən verdiyi məlumata görə, sənəddə İranın Xəzər dənizinin su və quru sektorundakı neft-qaz ehtiyatları çox az həcmdə qiymətləndirilib.

Hesabatda bildirilir ki, İranın Xəzər dənizindəki neft ehtiyatları 500 mln. barel, qaz ehtiyatları isə 3 mlrd. kubmetr həcmində proqnozlaşdırılır.

Sənəddə həmçinin İranın Xəzərin quru sektorundakı qaz ehtiyatlarının 1 trln. kubmetr olduğu, ancaq qurudakı neft ehtiyatlarının heç nəzərə çarpmadığı deyilir. Halbuki İran iki il əvvəl Xəzər dənizində «Sərdar-e Cəngəl» adlandırdığı neft-qaz yatağı tapdığını bəyan edərək, təkcə orada 1,4 trln. kubmetr qaz və 2 mlrd. barel neft ehtiyatı olduğunu bildirib. Hətta İranın sabiq neft naziri Rüstəm Qasımi bu yataqda qazılmış ilk quyudan neftin fontan vurduğunu bəyan etmişdi. Ancaq indiyədək heç bir sahilyanı ölkə və beynəlxalq təşkilat İranın bu iddiasını təsdiqləməyib. Hətta «BP» şirkəti bu ilin iyun ayında dərc etdiyi illik hesabatında İranın qaz ehtiyatlarının 2011-ci ilə nisbətən 2012-ci ildə dəyişmədiyini və 33,6 trln. kubmetr həcmində olduğunu açıqlayıb.

ABŞ-ın Enerji İnformasiya İdarəsi öz hesabatında Xəzər dənizinin su sektorunda ümumi neft ehtiyatlarının 19,6 mlrd. barel, qaz ehtiyatlarının 106 trln. kub fut, quru sektorunda isə müvafiq olaraq 28,6 mlrd. barel və 186 trln. kub fut (təxminən 7 trln. kubmetr) həcmində qiymətləndirilir.

Sənəddə Azərbaycanın Xəzər dənizinin su sektorundakı qaz ehtiyatlarının həcmi 46 trln. kub fut (1,5 trln. kubmetr), Qazaxıstanın 36 trln. kub fut (1,3 trln. kubmetr), Rusiyanın 14 trln. kub fut (0,5 trln. kubmetr), Türkmənistanın isə 9 trln. kub fut (0,3 trln. kubmetr) kimi dəyərləndirilir.

Hesabatda həmçinin bildirilir ki, Qazaxıstanın Xəzərin su sektorundakı neft ehtiyatları 15,8 mlrd. barel, Azərbaycanın isə 6,8 mlrd. barel təşkil edir.

Bununla yanaşı qeyd olunur, 5 sahilyanı ölkənin Xəzər dənizinin su və quru sektorundakı ümumi neft ehtiyatları 48,2 mlrd. barel, qaz ehtiyatları isə 285 trln. kub fut (10,6 trln. kubmetr) həcmində qiymətləndirilir.

Hesabatda vurğulanır ki, İrandan istisna olmaqla, bütün digər sahilyanı dövlətlər Xəzərin su sektorundakı enerji ehtiyatlarının işlənməsindən mənfəət götürür.

Sənədin sonunda qeyd olunur ki, bütün sahilyanı ölkələrin ümumi gündəlik neft hasilatı 945 min barel təşkil edir və bunun 890 min bareli (94%) Azərbaycanın payına düşür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri