ARDNF-in aktivləri 55 milyard dolları keçib
- 13.10.2023, 14:56,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 13,2 % artaraq oktyabrın 1-nə 55 milyard 524 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Fondan xəbər verilir.
Məlumata görə, 9 ay ərzində ARDNF-in büdcə gəlirləri 14 milyard 878,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 587 milyon manat təşkil edib.
Hesabat dövründə Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 227,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 422,1 milyon manat, bonus ödənişlərindən 800,7 milyon manat, tranzitdən 0,8 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından gəlirləri isə 2 milyard 651,1 milyon manat olub.
Yanvar-sentyabrda ARDNF 2023-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3 milyard 550 milyon manat vəsait transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 10,8 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 6,1 milyon manat yönəldib, idarəetməyə isə 20,1 milyon manat xərcləyib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri isə 257,8 milyon manat təşkil edib.
"Aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
Cari ilin əvvəlindən qlobal iqtisadiyyatda canlanma müşahidə olunsa da, inkişaf etmiş ölkələrin sərt monetar siyasəti davam etdirməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. İlin ilk 9 ayında inkişaf etmiş regionların səhm bazarlarında yüksək gəlirlilik qeydə alınsa da (11,6 %), iqtisadi yavaşlama gözləntiləri səhm bazarlarına təzyiqi artırıb.
Eyni zamanda, inflyasiya dərəcəsinin aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması və buna töhfə verən əmək bazarının dayanıqlılığı ilkin gözləntilərə nisbətən uçot dərəcələrinin daha uzun müddət yuxarı səviyyələrdə qala biləcəyinə işarə edir. İstiqraz bazarlarına gəldikdə isə, faiz dərəcələri cari il ərzində də qalxmağa davam edib ki, bu da öz növbəsində istiqraz dəyərlərinə mənfi təsir göstərib.
Sərt monetar siyasətin davamlı olması nəticəsində şirkətlərin borclarının daha yuxarı faizlə yenidən maliyyələşdirilməsi getdikcə şirkətlərin maliyyə yükünü artıraraq mənfəətliliklərinə mənfi təsir edə bilər. Bu isə öz növbəsində səhm və korporativ istiqraz bazarlarına əlavə risk gətirir", - deyə Fond bəyan edib.