“Prezident dövlətin başqa qulluqçularına, yaxud özündən sonra bu postu tutacaq şəxslərə qanunun qorunması üçün ayıq-sayıq olmağı nümunə göstərmək əvəzinə, ölkənin əsas qanununu - konstitusiyanı kobud, nümayişkaranə şəkildə dəfələrlə pozub”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Salome Zurabişviliyə impiçment göstərilməsinə başlanılması haqqında Konstitusiya məhkəməsinin qərarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bunu müxtəlif siyasi qrupların və ya hökumətin ayır-ayrı şəxsləri deyil, Konstitusiya Məhkəməsi də təsdiqləyib. Gürcüstan hökumətinin başçısı Konstitusiya Məhkəməsinin qərarını acınacaqlı fakt adlandırıb: “Təəssüflər olsun ki, dövlətimizin, ölkəmizin başçısı xanım Salomenin konstitusiyanı pozan şəxs olduğu təsdiqləndi. Mən ölkəmin prezidentinin konstitusiyanı pozan və ya başqa qanunu pozan olmasını istəmirəm”, - İ.Qaribaşvili qeyd edib.
Baş nazirin sözlərinə görə, Konstitusiya Məhkəməsinin çıxardığı qərara yenidən baxılmayacaq. Sonrakı prosedur ölkənin qanunverici orqanında keçiriləcək.
"Prezidentə və hər kəsə xatırlatmalıyıq ki, bu ölkədə prezidentin qanundan, konstitusiyadan üstün olduğuna inandığı dövr başa çatıb. İctimaiyyətin bir hissəsi xanım Salomedən Gürcüstan siyasətinə Avropa standartını tətbiq edəcəyini gözləyirdi. Avropa standartı o deməkdir ki, hamı qanuna və konstitusiyaya hörmət edir. Bu, biabırçı faktdır”, - Qaribaşvili bildirib.
Qeyd edək ki, S.Zurabişvili avqustun 31-də hökumətin icazəsi olmadan xarici ölkəyə səfərə gedib, Avropa İttifaqı liderləri ilə görüşlər keçirib. S.Zurabişvili bildirib ki, onun Avropaya səfərlərinin məqsədi Gürcüstana namizəd ölkə statusu almağa kömək etməkdir. Prezidentin məhkəmədəki müdafiəçisi bildirib ki, o, konstitusiyanın iki maddəsini - prezidentin xarici əlaqələrdə Gürcüstanı təmsil etdiyi qeyd olunmuş “Gürcüstan Prezidentinin statusu”nu, 49-cu və “Avropa və Avro-Atlantik məkana inteqrasiya” ilə bağlı 78-ci maddəsini rəhbər tutur.
Xatırladaq ki, Salome Zurabişvili Konstitusiya Məhkəməsinin impiçmentlə bağlı qərarı fonunda istefa vermək niyyətində olmadığını bildirib.
Gürcüstan parlamenti S.Zurabaşviliyə impiçment məsələsini sabah müzakirəyə çıxaracaq.
Report