Bu gün Füzuli şəhərində ilk dəfə “Şəhər Günü” qeyd edilib. “Şəhər Günü” bayram tədbirlərində Füzuli sakinləri, millət vəkilləri, xarici ölkələrin diplomatları, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri iştirak edib, ölkəmizin tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə hər kəsi sevindirib.
Oktyabr ayının 17-si Füzuli şəhərində baş tutan möhtəşəm hadisənin bir parçası da “Azərxalça” ASC olub. “Azərxalça” ASC -də tədbirdə geniş proqramla çıxış edib.
Proqrama müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 100x100 ölçüsündəki, yalnız 100 nüsxədə toxunmuş “Azərxalça” ASC-nin “Can Azərbaycan” MMC ilə birgə layihəsi olan “Heydər Əliyev-100” xalça kolleksiyasından nadir xalça, şanlı tariximiz 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44” xalça kolleksiyası və əsasən Füzuli rayonunda toxunan əsl Qarabağ xalçası “Horadiz” və ya “Buynuz” xalçasının virtual şəkildə toxunması, dəyişməsi və emal olunma prosesinin təqdim edilməsi daxildir.
Məlumat üçün bildirək ki, “Horadiz” və ya “Buynuz” adlanan xovlu xalça ilk dəfə toxunduğu məkanın adı ilə (Horadiz qəsəbəsi, Füzuli rayonu, Qarabağ) adlandırılsa da, sonradan kompozisiyasının naxış elementinin xarakterik cəhətlərini nəzərə alaraq “Buynuz” adını alıb. Belə xalçalar sonradan Füzuli rayonunun müxtəlif yaşayış məntəqələrində toxunmuşdur. Qədimdən Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Azərbaycanda buynuzlu heyvanlar müqəddəs sayılırdı. Bu da xalq arasında “güc”, “qoçaqlıq” və “ərənlik”, eyni zamanda səmavi məna daşıyırdı. Qədim Türk xalqlarının əksəriyyətində, o cümlədən Azərbaycanda davar və iribuynuzlu heyvanlar var-dövlət rəmzi kimi qəbul olunmuşdur. Buğalar, qoçlar Türk xalqlarının məişətində və mədəniyyətində iz buraxmış, eyni zamanda xalçalarımızda da stilizə olunmuş naxışlara çevrilmişdir.
Geniş təqdimatda “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Emin Məmmədov və onun başçılıq etdiyi yaradıcı qrup tədbir iştirakçılarına milli-mənəvi sərvətimizin əmin əllərdə olduğunu, qorunaraq, qədim köklərə dayanaraq inkişaf etdiyini, gələcək nəsillərə ötürülməsi üçün üzərində çalışıldığını nümayiş etdirib.
Qeyd edək ki, Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olub, Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb. Oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.