Rezin ördəyin möhtəşəm səyahəti

Rezin ördəyin möhtəşəm səyahəti Bu gün beş mərtəbəli bina boyda olan sevimli ördəyi artıq bütün dünyada tanıyırlar. Nyu-York və Tokio, Osaka və San-Paulo - bu gözəl ev quşu dünyanın ən böyük şəhərlərinin buxtalarında üzmüş, səs-küy yaratmış və əsl art-sensasiyaya səbəb olmuşdur. İdeyanın müəllifi olan hollandiyalı Florentin Hofman da ördək balası ilə bərabər dünyanı səyahət edir.

Trend-in məlumatına görə, YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi "Participate Baku Public Art Festival"ın sayəsində, avqust ayında rəssam və onun əsəri, nəhayətki Bakıya gələcəkdir, sentyabr ayının 5-də isə 12 metrlik ördək Milli Parkda suya buraxılacaqdır.

Bəs necə oldu ki, bu, qeyri-adi cazibəyə malik iş müxtəlif qitələrdən və ölkələrdən olan insanların sevgisini qazandı? Gəlin rezin ördəyin möhtəşəm dünya səyahətinin sirrini tapmağa çalışaq.

İdeya 2007-ci ildə rəssamın doğma şəhəri olan Rotterdamda yaranmışdır. Florentin adi əşyalarda gözəl tərəfləri görməyi bacaran bir rəssamdı, ilhamlanmaq üçün muzalara və qədim filosoflara deyil, müasirlərinin təcrübəsinə müraciət edir.

Bir çox həmkarının dediyinə əks olaraq, onu tamaşaçının fikri çox narahat edir və maraqlandırır, Hofman tamaşaçı çıxardığı nəticəyə biganə qala bilmir. Rəssam insanları əhatə edən məişətə və onların ətrafında olan mühitə qarşı xüsusi diqqətlə yanaşır. Bu da rəssamın işlərinin universal dilə sahib olmasına və əsərlərinin məxsusi istiliyə malik olmasına səbəb olan bir amildir. Onun yaradıcılığı "muzey" formatına məxsus incəsənət abu-havasına qarşı olan yüngül istehzası ilə fərqlənir. Öz işləri ilə - gülməli və düşündürən, köpdürülmüş nəhəng oyuncaqlarla sanki rəssam bizə demək istəyir: "Bəli, mən saqqalı uşağam və sizi güldürə bilərəm!". O həqiqətən də buna nail ola bilir.

Təəcübli deyilki rəssamın ən tanınmış işi olan "Rezin Ördək" Yaponiyada, ABŞ-da və Avropada eyni qədər məşhurdur... Müəllifin özü uğurunu şərh edərək aşağıdakıları söyləyir: "Ördək hər kəsin ürəyində xoş və nostalji hisslər yaradır. O, nə sərhəd tanıyır, nə də irqi ayrıseçkilik edir... O, hamıya qarşı mehribandır və siyasətdən uzaqdır. O, yaşından və aldığı tərbiyəsindən asılı olmayaraq hər kəsi barışığa çağırır. O, bir-birinə yad insanları qısa müddətə də olsa ayaq saxlamağa və ünsiyyət yaratmağa məcbur edir. Axı pablik-art obyektləri üçün səciyyəvi xüsusiyyət ünsiyyətin yaranmasıdır".

Bəlkə də məsələ ondadır ki, Hofmanın instalyasiyası bizə uşaqlıq illərimizi xatırladır, o illərdə belə bir rezin ördək bizim dostumuz olmuş və dünyamızın balaca hissəsinə çevrilmişdir. Xeyirxah yumor və sadəliklə uşaqların keçirdikləri həyacanın təsvir edilməsi insanda xoş hisslər yaradır.

Ən məşhur işinin uğurundan ilhamlanan rəssam sonrakı illərdə də bir çox maraqlı əsərlər yaratmışdır. 2010-cu ildə Braziliyanın San-Paulo şəhərinin mərkəzi parkında quraşdırdığı 15 metrlik instalyasiya camaat içində "kök meymun" adını almışdır. Daha diqqətlə baxsaq görərik ki, instalyasiya 10000 cüt şistdən (Braziliyada ənənəvi ayaqqabı) yığılmışdır.

2011-ci ildə İsveçin Orebro şəhərciyi üçün "Nəhəng Sarı Dovşan" yaratmışdır. Əsər İsveçdə dam örtüyü üçün istifadə olunan kirəmitdən yığılmışdır.

Son illər ərzində Florentin Hofman pablik-art sahəsində bir neçə iri həcmli layihə həyata keçirmişdir. 2004-2006-cı illərdə Byukelsbou şəhərində olan məhəllələrin birində bütün binaları başdan-ayağa açıq mavi rəngə boyayaraq, hər kəsin diqqətini sökülməli olan bu məhəlləyə cəlb etmişdir.

2008-ci ildə yeni avtomagistral yolun açılması münasibəti ilə rəssam 470 nəfər könüllü toplamış və hamı ilə birgə dünyanın ən böyük hava şarında uçuş həyata keçirmişdir. Onun məqsədi sakinlərə öz rayonlarının və qonşu ərazilərin quş uçuşu hündürlüyündən necə göründüyünü göstərmək və hər şeyə yeni rakursdan baxılması idi.

Deməli indi Bakı, gənc hollandiyalı rəssamın yaratdığı ən pozitiv və cazibəli "Rezin Ördək " əsərinin gəlişini gözləyir.
Tezliklə onun xoş silueti dəniz kənarı park boyunca görünəcək və hər kəsi qısa müddətlik də olsa, fikrən uşaqlıq illərinə aparacaq.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri