Nazir: ““Cari təmirlər” pul yığımları üçün istifadə olunan bəhanələrdən biri idi”
- 28.08.2013, 14:17,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil naziri Mikayıl Cabbarov ali və orta təhsil sistemində pul yığımları (“fond pulu”) ilə bağlı məsələlərə aydınlıq gətirib.
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib ki, neqativ halların qarşısını almaq üçün nazirlikdə Daxili nəzarət xidməti və Qaynar xətt xidməti fəaliyyət göstərir. Onun sözlərinə görə müxtəlif məsələlərlə bağlı nazirliyə müraciətlər daxil olur və onların bir çoxunun araşdırılması nəticəsində müvafiq qərarlar qəbul edilib: “Bakının 245, 270 saylı orta məktəbləri, 2 xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat məktəblərinin rəhbərləri, kollec və ali təhsil müəssisəsinin rəhbərlərinə şiddətli töhmətlər, müvafiq qərarlar verilib. Töhmətdən işdən azad olmaya qədər müvafiq qərarlar qəbul olunub. İki məsələni nəzərdə saxlamaq lazımdır. Bu proses qısa müddətdə həll oluna bilməsə də, biz bu məsələdə çox qətiyyətliyik və bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.
M.Cabbarov qeyd edib ki, orta və ya ali təhsil sistemində bu problemin-yığım praktikasının aradan qaldırılması təhsilin keyfiyyətinə birbaşa və ya ani təsir göstərməyəcək. Onun sözlərinə görə, sağlam mühit yaradılmadan təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırılması qeyri-mümkündür. Ona görə bu istiqamətdə müvafiq işlər davam etdiriləcək.
Təhsil naziri məktəblərdə təmir işləri ilə bağlı əlavə pulların yığılması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, “cari təmirlər” ənənəvi olaraq yığımlar üçün istifadə olunan bəhanələrdən biri idi: “Bu ilin yay aylarında isə Bakı şəhərində 160-dan çox məktəbdə cari təmir işləri Təhsil Nazirliyi tərəfindən həyata keçirildi. Bakıdakı məktəblərdə cari təmir işlərinin həyata keçirilməsi üçün həm Təhsil Nazirliyinin büdcəsində nəzərdə tutulan, həm də Maliyyə Nazirliyinə müraciət əsasında dövlət büdcəsindən nəzərdə tutulan xüsusi ehtiyat vəsaitdən istifadə olundu. Bütün bunların məqsədi təhsil şəraitinin yaxşılaşdırılması, lazımi səviyyəyə çatdırılması, digər tərəfdən kütləvi yığımlar üçün istifadə olunan səbəblərin aradan qaldırılması idi”.
M.Cabbarov əlavə edib ki, məktəblərdə təmir işləri ilə əlaqədar pul yığımları ilə bağlı obyektiv problemlər var və onların aradan qaldırılması müəyyən vaxt çəkəcək. Onun sözlərinə görə, bunlar daha çox təhsilin idarə edilməsi sisteminin təkmilləşdirilməsindən qaynaqlanan məsələdir: “Məsələn, məktəblərin öz büdcələri yoxdur. Hər hansı bir məktəbdə adi pəncərə sınırsa və yaxud kiçik bir dəmir işinə ehtiyac olursa, məktəblərin öz büdcələri olmadığından onlar Bakı şəhəri üzrə Təhsil idarəsinə müraciət etməli və müvafiq dövlət daxili prosedurlardan keçdikdən sonra məktəbə maliyyə ayrılmalıdır. Bu da müəyyən halda vaxt aparan bürokratik prosedurlardır. Ona görə biz indi bu sistemə də baxırıq. Elə etmək lazımdır ki, bir tərəfdən süründürməçilik olmadan, qısa zamanda prosedurlar tətbiq edilsin, digər tərəfdən, dövlət vəsaiti üzərində nəzarət zəifləməsin. Ona görə də belə obyektiv problemlər də mövcuddur. İlk növbədə diqqətimizdə olan məsələ subyektiv halları-sui-istifadədən irəli gələn halların aradan qaldırılmasıdır”.