Almaniya Bundestaqının üzvü Marko Vandervitz: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

Almaniya Bundestaqının üzvü Marko Vandervitz: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” “Xocalı hava limanının yenidən açılması qərarı sülh prosesinə mane olur və birmənalı şəkildə, münaqişənin kütləvi şəkildə kəskinləşməsinə gətirib çıxara bilər. Hava limanının açılması barədəki müzakirələr bu iki ölkə arasında vəziyyətin yenidən necə sürətlə gərginləşə biləcəyini göstərir. İyirmi ildən sonra BMT və ATƏT-in müvafiq qurumları vasitəsilə biz əvvəl-axır bu münaqişənin həllinə nail olmalıyıq”. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu bəyanatla Almaniya Parlamentinin Hüquq Komitəsinin üzvü, CDU/CSU fraksiyası Gənclər qrupunun sədri, CDU/CSU fraksiyasından olan deputat Marko Vandervitz (Marco Wanderwitz) çıxış edib.



O, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib ki, Almaniyanın xarici siyasəti hər zaman beynəlxalq hüquqa əsaslanıb: “Odur ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, əlbəttə ki, Dağlıq Qarabağ məsələsində bizim fəaliyyətimiz üçün rəhbər prinsiplərdir. Bir ölkənin ərazi bütövlüyü məsələsi ümdə məsələdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Ermənistan silahlı qüvvələri ərazidən çıxsa və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə, məcburi köçkünlər də öz torpaqlarına qayıda bilər. Məcburi köçkünlər məsələsi münaqişəsinin sülh yolu ilə həllində mərkəzi nöqtədir. Almaniya və Azərbaycan siyasi, iqtisadi və mədəni əməkdaşlıq kimi müxtəlif sahələrdə uzun illərdən bəri tərəfdaşlıq qurmağa müvəffəq olub. Eyni sözü Avropa Qonşuluq Siyasəti müstəvisində Azərbaycanla əlaqələrini formalaşdıran Avropa İttifaqı haqqında da demək olar. Bu yaxşı münasibətlər ölkənin Cənubi Qafqazda xüsusi mövqeyindən xəbər verir.



Təkcə Azərbaycanla tərəfdaşlıq münasibətlərimizə əsaslanaraq, biz münaqişə iştirakçısı olan tərəflərin ən qısa zamanda danışıqlara başlamasında maraqlıyıq. O vaxta kimi də münaqişənin sülh yolu ilə həllinə əngəl törədəcək heç bir addım atılmamalıdır”.

Şərhlər
Siyasət bölməsinin xəbərləri