Azərbaycanda «Bulla-Dəniz» yatağında baş vermiş qəzanın aradan qaldırılmasına 11 gəmi cəlb olunub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Bulla-Dəniz» yatağındakı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması işləri davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) APA-ya verilən məlumata görə, aparılan əməliyyatlara ARDNŞ-in Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri, habelə yanğınsöndürmə, kran və yedək gəmilərindən ibarət ümumilikdə 11 gəmi cəlb olunub. «Şirvan» kran gəmisi özülə yan alıb, 6 nəfərdən ibarət əməliyyat qrupu özülə qalxıb. Qrup özülün qərb hissəsində «katapiller dizel generatorları» sahəsində işləmək imkanın mümkünlüyünü müəyyən edib. «Şirvan» kran gəmisi yenidən özülə yaxınlaşıb və yanğın zamanı platformada qalmış 3 ədəd 50 kubmetrlik məhlul çəni götürülərək gəminin göyərtəsinə qoyulub.

Platformanın təmizlənməsi işləri bu gün də davam etdirilir. Bu məqsədlə səhər saat 08:00-dan 4 ədəd «Vixr» tipli, habelə «Caspian Support» və «Topaz Legenda» yanğınsöndürmə gəmiləri quyu ağzında su pərdəsi yaratmaq üçün əməliyyatlar keçirilən əraziyə dislokasiya olunub, quyu ağzında su pərdəsi yaradılıb və «Şirvan» kran gəmisi təhlükəsizlik şəraitində işləməyə başlayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri